NATO ilə əməkdaşlıq - MƏQALƏ

Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Prezident İlham Əliyev uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu ilin iyul ayında Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfərini və səfər çərçivəsində onunla keçirdiyi görüşləri məmnunluqla xatırladıb, bu əsnada regional məsələlərə dair ətraflı müzakirələrin aparıldığını qeyd edib.

Dövlətimizin başçısı regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib. Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini xüsusi qeyd edib. Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.

Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunub.

Dövlətimizin başçısı qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığın regional sabitlik, təhlükəsizlik üçün də mühüm əhəmiyyəti var. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir.

“Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.

Azərbaycan sülhə və sabitliyə sadiq, növbəti addımları proqnozlaşdıran ölkədir. Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır.

ATƏT-in Minsk qrupu yeni geosiyasi reallığa uyğun təklifləri hazırlamalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu öz töhfəsini verə bilər.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə minalar məsələsinə toxunaraq Azərbaycanın mülki vətəndaşlarının minalardan əziyyət çəkdiyini və bu günə qədər 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını bildirib. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində fəal mövqeyi təqdirəlayiqdir. Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi səmərəli və praqmatik keçir.

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. Aİ ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi səmərəli əməkdaşlığın hüquqi təminatçısıdır. Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatıb.

Sonda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə bir daha minnətdarlığını bildirib.

Səbinə Şahverdiyeva

181 nömrəli tam orta məktəbin “İlk partiya təşkilatı”nın sədri

Bütün xəbərlər Facebook səhifəmizdə