“"The Wall Street Journal" qəzetinin eksperti Endryu Mistanın populist və daha cəmiyyətlərə hesablanmış yazısı müasir dövrümüzün reallıqları ilə üst-üstə düşmür. Ekspertin qeyd etdiyi Amerika və qarşısında hədəf kimi gördüyü Çinin qarşı-qarşıya gəlmək imkanları, ABŞ və Çinin hərbi imkanlarının müqayisəsinin təhlili, iqtisadi vəziyyətinin təhlili, ABŞ və Çin cəmiyyətlərinin müharibəyə hazır olmaqla bağlı psixoloji vəziyyətinin təhlili onu deməyə imkan verir ki, dövrümüz üçün ABŞ və Çin arasında ciddi qarşıdurmanın baş vermək imkanları kifayət qədər zəifdir. Bu ilin mart ayında ABŞ keçici dövr üçün qəbul etdiyi hərbi doktrinasında əsas hədəf olaraq Çin və Rusiyanı qeyd etdi. Həmin sənəddə də açıq şəkildə bəyan edilirdi ki, dünya üzrə ABŞ maraqlarının təmin olunması üçün əsas təhdidlər məhz Çin və Rusiyadır. Ona görə bütün imkanlardan istifadə etməklə Çin və Rusiyadan gələ biləcək təhlükələr yerindəcə məhv edilsin. Lakin bu istiqamətdə hərbi müdaxilə deyil, xüsusilə iqtisadi sanksiyaların tətbiq edilməsi və rəqiblərin müəyyən iqtisadi problemlərlə üzləşdirilməsi əsas vasitə kimi götürülürdü”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Ekspertin sözlərinə görə, bundan öncəki administrasiya dövründə də Çinə və Rusiyaya qarşı çox ciddi iqtisadi sanksiyalar həyata keçirilirdi: “Hətta, Çin məhsullarının Amerika bazarlarına daxil olması üçün tələb olunan gömrük rüsumları da dəfələrlə artırılmışdı. Bunlar Çin iqtisadiyyatına kifayət qədər zərbə vura biləcək addımlar idi. Baş verən hadisələr əslində onu göstərir ki, rəqibin zəiflədilməsi baxımından Tramp nə qədər ciddi siyasi xadim olmasa da onun administrasiyası Bayden administrasiyasından daha ağıllı komanda idi. Son dövrlər Bayden administrasiyasının atdığı addımlar reallıqlardan uzaq, populist xarakteri daşıyır. Məsələn, Ukrayna ətrafında baş verən hadislər və ABŞ-ın münasibəti, Putin və Bayden arasında keçirilən görüşlərdə Baydenin açıqlaması göstərir ki, hətta Rusiyaya qarşı belə Amerika açıq şəkildə müdaxilə etmək və açıq şəkildə proseslərdə iştirak etmək istəyində deyil. Əslində, son illər Amerikanın yanaşması daha çox "Seyid Əhməd Əli ilə ilan tutmaq" siyasətinə uyğundur. Yəni, başqa dövlətləri Çin və Rusiya ilə qarşı-qarşıya gətirməklə öz siyasətlərini həyata keçirməyə çalışırlar. Bu ilin sentyabr ayının 16-da Amerika, İngiltərə və Avstraliya arasında imzalanmış “AUKUS” hərbi razılaşmasının başlıca hədəfi məhz Çin götürülür. İngiltərə və Amerikanın hərbi dəstəyi vasitəsilə bu mübarizədə başlıca rol oynayacaq qüvvə kimi Avstraliya göstərilir. Bundan əlavə ABŞ-ın Çinə qarşı müdaxilə etmək imkanları indiki dövrdən daha çox olduğu vaxtlar olub, lakin ABŞ bundan istifadə etməyib. Məsələn 2000-ci illərin əvvəllərindən başlayaraq Çinin iqtisadi qüdrətinin yüksəlməsi və müxtəlif ərazilərdə özünün iqtisadi rıçaqlarından istifadə etməklə bir sıra fərqli bölgələrə təsir etmək imkanlarının qarşısını Amerika vaxtilə daha rahat ala bilərdi. Lakin göründüyü kimi heç bir müdaxilə baş vermədi”.
Politoloq hesab edir ki, uyğurlara qarşı Çin tərəfindən həyata keçirilən ciddi diskriminasiya siyasətini Amerika əsas kimi göstərə bilərdi amma bundan da istifadə etməyib: “Tayvan da ABŞ-ın Çinə qarşı təzyiq siyasətinin elementlərindən biridir. Lakin Tayvana görə ABŞ-ın Çinə hər hansı bir müdaxiləyə gedəcəyi də real görünmür. Amerikalı ekspertin təsəvvürlərinə görə, ABŞ böyük həcmli hərbi müdaxiləyə hazırlaşırsa və belə bir vəziyyət realdırsa, onda unutmaq olmaz ki, Amerika belə bir prosesə tək gedə bilməz. Xüsusilə NATO müttəfiqləri ilə bu prosesdə birgə iştirak etməyə çalışacaq. Amma qeyd etməliyəm ki, artıq NATO Amerikanın kifayət qədər nəzarətindən çıxıb və NATO müttəfiqləri ilə gərgin münasibətdədir. Xatırladaq ki, NATO-nun ən böyük güclərindən biri olan Fransa prezidenti NATO haqqında "beyin ölümü keçirir" ifadəsi işlətmiş, "AUKUS" razılaşmasını 3 NATO müttəfiqinin Fransaya qarşı xəyanəti kimi qiymətləndirmişdi. Eyni zamanda, NATO-nun ikinci ən böyük hərbi gücü olan Türkiyə ilə ABŞ arasında kifayət qədər münasibətlər gərgindir və bu gün Türkiyənin üzləşdiyi iqtisadi gərginliklərin arxasında açıq şəkildə Amerikanın dayandığı da artıq ifadə olunmaqdadır. Bu mənada ABŞ müharibəyə başlayarsa, klassik NATO müttəfiqlərindən də dəstək görməyəcək”.
A.Əliyev vurğulayıb ki, həmçinin, ABŞ artıq demokratik dəyərlər daşıyıcısı, müxtəlif təzyiqlərə məruz qalan, haqlının tərəfində dayanan dünya gücü statusunu artıq çoxdan itirib və artıq populist bir dövlətə çevrilməkdədir: “Bu fikrimi bir neçə misal çəkməklə təsdiqləyə bilərəm. 2008-ci ildə Gürcüstanı Rusiyaya qarşı addımlara təhrik edib, zərurət yarandıqda isə müdaxilə etməyib kənara çəkilməklə Gürcüstanı meydanda Rusiya ilə tək qoyan məhz, Amerika idi. 2014-cü ildə Ukraynanı eynilə Rusiya ilə münasibətləri gərginləşdirməyə təhrik edib və yenə də ehtiyac olduğu zaman Ukraynanı Rusiya ilə baş-başa qoyan məhz, Amerika və onun müttəfiqləri idi. Bu gün də eynilə Ukraynanı yenidən Rusiya ilə gərgin münasibətlərə təhrik edən yenə də ABŞ və onun müttəfiqləridir. Amma münasibətlər kritik həddə çatanda Amerikanın zəruri addımlar atması zərurəti yarananda yenə də ABŞ ortaya deyil. ABŞ prezidenti Rusiya prezidenti ilə telefon danışıqlarından da məlum oldu ki, Amerika Rusiyaya qarşı Ukrayna məsələsində iqtisadi sanksiyalardan daha irəli getmək istəmir. Bu mənada artıq dünya dövlətlərində Amerikaya qarşı inamsızlıq mövcuddur. Ona görə də ABŞ-ın Çinə qarşı hərbi müdaxiləsi hazırda mümkün deyil. Digər tərəfdən ABŞ ordusu bu gün say və hazırlıq baxımından kifayət qədər geri qalır. Son illər İraqda, Əfqanıstanda, Suriyada baş verən hadisələr fonunda ABŞ ordusunun aldığı ciddi zərbələr, ABŞ cəmiyyətinin başqa ərazilərdə lazımsız yerə kütləvi itkilərə psixoloji cəhətdən hazır olmaması deməyə imkan verir ki, ABŞ belə bir müharibəyə hazır deyil. Bütün bunlar rəqibə təzyiq etmək üçün bilef xarakterli gedişlərdir. Bunu həm ABŞ-da, həm Çində kifayət qədər dərk edirlər. Eyni zamanda ABŞ-da həm də onu yaxşı dərk edirlər ki, Çin Əfqanıstan və Suriya peşmərgələri deyil. Çin ordusu kifayət qədər nizamlı və hazırlıqlı bir ordudur. ABŞ analitikləri də bu cür müharibədən məğlubiyyətlə çıxacaqlarını yaxşı dərk edirlər. Ona görə bu istiqamətdə ciddi addımların atılacağını və yaxın illər ərzində münasibətlərin münaqişəyə qədər gedib çatacağını düşünmürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB