İşğaldan azad olunmuş ərazilərdə QURUCULUQ İŞLƏRİ NƏ YERDƏDİR? - POLİTOLOQ ŞƏRH ETDİ

İşğaldan azad olunmuş ərazilərdə QURUCULUQ İŞLƏRİ NƏ YERDƏDİR? - POLİTOLOQ ŞƏRH ETDİ

“44 günlük müharibənin başa çatmasından dərhal sonra Azərbaycan dövləti regionla bağlı konsepsiyasını ortaya qoydu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Araz Aslanlı deyib.

O, qeyd edib ki, prosesdə birincisi münaqişədən sonra quruculuğun sürətli bir şəkildə aparılması idi. “İkincisi isə ümumən Ermənistanı və Azərbaycanı əhatə edəcək şəkildə bütövlükdə Qafqazı əhatə edən yeni kommunikasiya xətlərinin açılmasına fayda olan infrastruktur layihələrin reallaşdırılmasıdır. Azərbaycan ilkin istiqamətində dərhal addımlar atmağa başladı, çünki, artıq ərazilərini işğaldan azad etmişdi, ərazilər tamamilə onun nəzarətində idi.

Biz görürük ki, birincisi yol infrastrukturunun yaxşılaşdırılması idi. Ona görə ki, digər addımların atılması üçün yol infrastrukturu düzəldilməli idi. Çünki, Ermənistan işğalçılıq dövründə Sovet dövründən qalan infrastrukturu darmadağın etmişdi, müəyyən əraziləri minalamışdı. Azərbaycanı minalardan azad etmək üçün yol infrastrukturunu yaxşılaşdırma işlərinə dərhal başladı. Bundan əlavə ayrı-ayrı yaşayış məntəqələri üzrə xüsusi layihələr reallaşdırılmağa başladı. Biz burada Füzuli Beynəlxalq Hava Limanının tikilməsini və digər 2 hava limanı ilə bağlı təməlqoyma mərasiminin keçirilməsi, yol tikimində Zəfər yolunu xüsusi qeyd etməliyik. Bilirik ki, Ağdamda, Şuşada və digər yaşayış məntəqələrində irimiqyaslı layihələrin həyata keçirilməsi ilə bağlı ilkin addımlar atılıb, təməlqoyma mərasimləri keçirilib. Müəyyən yaşayış məntəqələrində bu quruculuq işləri Ağdamda olduğu kimi məktəblə başlanılıb. Bəzi bölgələrdə isə nəqliyyat dəhlizinin ilk addımlarının atılması ilə quruculuq işləri olub. Biz hətta müqayisələr aparsaq görərik ki, dünyanın digər regionlarında görülən işlərlə Azərbaycanın gördüyü işlər müqayisəsizdir. Azərbaycan müqayisə olunmayacaq dərəcədə qısa müddətdə, təxminən 1 il müddətində çox ciddi layihələrə başlayıb və önəmli bir hissəsini də reallaşdırıb”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə