Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ŞƏRH+AKTUAL

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ŞƏRH+AKTUAL

Tərəflər hansı çərçivədə addımlar atmağı planlaşdırırlar?

Türkiyənin Habertürk nəşri Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı maraqlı detalları şərh edib. SİA xəbər verir ki, türk nəşrinin bildirdiyinə görə, artıq Ankara sözügedən məsələ ilə bağlı işçi qrupunun formalaşdırılması tarixini də müəyyən edib - 20 yanvar 2022-ci ildə. Belə ki, hər iki tərəfdən xüsusi nümayəndələr təyin ediləcək. Onu da qeyd edək ki, xüsusi nümayəndənin təyin olunması üçün Ankaranın yeddi namizədi var idi.

Ötən gün isə bəlli olub ki, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

İlk olaraq İrəvana çarter resyslər açılacaq

Bu barədə isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfəri zamanı bildirib.

Bu xüsusda daha bir məqamı da xatırlada bilərik ki, hələ dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələrində çıxış edən Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağı anonsunu vermişdi. Məhz həmin vaxt vurğulanmışdı ki, Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcək. Onların vəzifələri iki ölkə arasında birbaşa dialoqu təşkil etməkdən ibarət olacaq.

Türkiyənin bütün addımları Azərbaycanla birgə qəbul ediləcək

Habelə, Türkiyənin XİN rəhbəri ölkəsindən İrəvana çarter reyslərinə başlanılacağını da deyib və qardaş ölkənin baş diplomatının sözlərinə görə, bütün addımlar Azərbaycanla birgə qəbul ediləcək.

Məhz bu çərçivədə də aydın görünür ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi ilk növbədə Türkiyənin də maraqlarındadır və Ermənistanın da bu çağırışlara qarşılıq veriləcəyi halda regionda bir sıra müsbət dəyişikliklərin baş verəcəyini ehtimal etmək olar.

Proseslər üç mərhələdə həyata keçiriləcək

Habertürk bu kontekstdən çıxış edərək yazır ki, 2022-ci ilin mayına qədər üç mərhələli yol xəritəsi hazırlanacaq.

İlk mərhələ 2022-ci lin mart ayıdır ki, həmin vaxt ölkələr arasında çarter reysləri açılacaq. May-iyun aylarında Ankarada Azərbaycan-Naxçıvan-Türkiyə üzərindən kommunikasiyaların açılması, həmin ilin iyulunda isə iqtisadi münasibətlərin başlanması nəzərdə tutulur.

Ermənistanda da prosesin start götürdüyü bildirilir. Məlum olub ki, 2022-ci ilin 15 yanvar tarixindən başlayaraq işçi qrup və katiblik formalaşdırılacaq ki, həmin qrup birbaşa baş nazir Nikol Paşinyanla işləyəcək. Həmçinin, bildirilir ki, İrəvan yaradılacaq işçi qrupuna Türkiyə ilə əlaqələri olan şəxsləri dəvət edəcək. Onlar tarixi ölçü çərçivəsindən kənar və qarşılıqlı maraqlar əsasında diplomatik münasibətləri quracaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə