Möhtəşəm layihələr doğma Qarabağımızda reallaşır TƏHLİL

Möhtəşəm layihələr doğma Qarabağımızda reallaşır TƏHLİL

44 günlük Vətən müharibəsində qələbə qazanmış Azərbaycan işğaldan azad edilmiş torpaqlarda abadlıq-quruculuq işlərinə başlayıb. 30 ilə yaxın erməni işğalında qalan bu ərazilərdəki mövcud mənzərə vandalizmin ən yüksək nöqtəsini göstərir. Ermənilərin dağıtdığı ərazilər Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə artıq bərpa edilir. Sahiblərinin əzəli öz doğma torpaqlarına qayıtması üçün bütün addımlar atılır. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng quruculuq layihələri, o cümlədən Şuşada aparılan bərpa və yenidənqurma işləri şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, onun orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılır və azad edilmiş bölgələrin kənd təsərrüfatı, turizm potensialının dirçəlməsi, yeni infrastrukturun yaradılması məqsədi ilə genişmiqyaslı layihələri reallaşır.

Heydər Əliyev Fond tərəfindən həyata keçirilən layihələr də Qarabağın maddi-mədəni irsinin bir parçası olan dini abidələrimizin bərpası baxımından təqdirəlayiqdir. Bu günə qədər ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən onlarla dini abidə, məscid və ziyarətgah bərpa edilərək, xalqımızın ixtiyarına verilib. Bu baxımdan, Qarabağın dini abidələrinin bərpa edilərək, yenidən vətəndaşların ixtiyarına verilməsi təqdirəlayiqdir. Qarabağdakı dini abidələrimizin bərpa edilməsi prosesinin başlanması Azərbaycan tərəfindən tarixi gerçəklik missiyasının, ədalətin bərpası deməkdir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tarixi müqəddəs layihəsi uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərimizdəki dini abidələrimizi bərpa etməklə, tarixi irsimizə, dini abidələrə verilən böyük dəyərin, qiymətin təzahürüdür.

Bildiyimiz kimi, ermənilər Ağdam məscidində, Şuşadakı Yuxarı Gövhər ağa məscidində və digər abidələr üzərində barbarlıq edərək, tarixi irsimizə qarşı vandallıq əməllərini həyata keçiriblər. Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələri əhatə edir. Fond Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur.

"BİR ZAMANLAR ERMƏNİLƏRİN VƏHŞİCƏSİNƏ DAĞITDIĞI, TÖVLƏYƏ ÇEVİRDİYİ MÜQƏDDƏS DİNİ MƏKANLARIMIZ YENİDƏN DİRÇƏLƏCƏK VƏ BÜTÜN QARABAĞ ƏRAZİSİNDƏKİ MƏSCİDLƏRİMİZDƏ AZAN SƏSLƏRİ EŞİDİLƏCƏK, DUALAR OXUNACAQDIR"

Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Bu ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və kompleks istifadəyə verilib. Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Fondun dəstəyi ilə yenidən qurularaq, Şuşa şəhərində ucaldılıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bildirdiyi kimi: "Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"

HEYDƏR ƏLİYEV FONDU İŞĞALDAN AZAD EDİLMİŞ ŞUŞA ŞƏHƏRİNDƏ DAHA BİR LAYİHƏNİN İCRASINA BAŞLAYIB

Yeri gəlmişkən bildirək ki, Heydər Əliyev Fondu işğaldan azad edilmiş Şuşa şəhərində daha bir layihənin icrasına başlayıb. Hazırda şəhərdə Yaradıcılıq Mərkəzinin, Rəsm və Xalçaçılıq qalereyalarının təmir-bərpa işləri həyata keçirilir. Təbii ki, Şuşanın tarixi-mədəni irsinə qayğı istiqamətində bərpasına başlanan abidələr bununla yekunlaşmır. Şuşa abidələrinin bərpasına dövlət qayğısı və nəzarəti daim gündəmdədir. Yaxın vaxtlarda Şuşanın bütün tarixi, mədəni və dini abidələri yüksək səviyyədə bərpa edilib, öz əvvəlki görkəminə qaytarılacaq. Bu gün bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər də cəlb edilib. Xatirladaq ki, Heydər Əliyev Fondu ötən illər ərazində dünyanın müxtəlif ölkələrində - Bolqarıstan, Vatikan və digər ölkələrdə tarixi-dini abidələrin bərpasında iştirak edib. Ölkəmizin dəstəyi ilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası və s. ölkəmizin dini tolerantlığının nümunəsidir. Azərbaycanın həyata keçirdiyi layihələr sırasında Azərbaycan Prezidentinin yardımı sayəsində Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidini də vurğulamaq yerinə düşər. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir. Bütün bunlarla yanaşı, Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən erməni kilsəsi bərpa edilib. Çox təəssüfedici haldır ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq, yararsız hala salınıb. Əslində, ermənilərin etdikləri yalnız Azərbaycana qarşı yönəlməyib. Bu, bəşər mədəniyyətinə qarşı vəhşilik və təxribatdır.

Tolerant ölkə olan Azərbaycanda bütün dini abidələr qorunub. Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi, möhtəşəm Heydər Məscidi Azərbaycanda olan mühitin təzahürüdür. Bütün bunlarla yanaşı, Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Bundan əlavə, Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb. O cümlədən, Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib.

Bu günə qədər ölkə daxilində, eləcə də onun hüdudlarından kənarda heydər Əliyev Fondu tərəfindən reallaşan layihələr öz töhfəsini verib. Bu gün isə 30 ilə yaxın həsrətlə gözlədiyimiz işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri, bərpa işləri aparılır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə