Bir sıra qruplar Paşinyana qarşı təzyiqlər göstərməyə çalışır - MÜNASİBƏT BİLDİRİLDİ

Bir sıra qruplar Paşinyana qarşı təzyiqlər göstərməyə çalışır - MÜNASİBƏT BİLDİRİLDİ

"Əlbəttə ki, bu təxribatların arxasında yenə Ermənistan tərəfi dayanır. Ermənistan tərəfinin məqsədləri bütün imzalanmış sənədlərdə, bəyanatlarda qəbul edilmiş razılaşmaları pozmaqdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.

Onun sözlərinə görə, Ermənistanın daxilində baş qaldıran bir sıra qruplar Paşinyana qarşı təzyiqlər göstərməyə çalışır və Ermənistan ordusuna rəhbərlik edən Paşinyanın atacağı addımların qarşısını almaq üçün, yəni razılaşmalara mane olmaq üçün bu cür təxribatlar törədilib: "Sözsüz ki, bunun arxasında ilk növbədə sərhədlərin delimitasiyasına və demarkasiyasına mane olmaq, ikinci bir tərəfdən isə Zəngəzur dəhlizinin işə salınması məsələsini yubatmaq dayanır.

Ermənistan tərəfi Brüsseldəki görüşdə öz siyasətinə dəstək qazanmaq ümidi ilə bunları edir. Amma düşünürəm ki, regionda yeni reallığı formalaşdırmış Azərbaycan, Türkiyə və Rusiya buna imkan verməyəcək. Ermənistanın bu təxribatları yanlız Azərbaycanın deyil, həmçinin Rusiyanın və Türkiyənin də maraqlarına ziddir. Həmçinin Ermənistan ona dəstək ola biləcəyini hesab etdiyi İran İslam Respublikası da “3+3” formatını dəstəkləyir. Yəni artıq İran belə Ermənistana hər hansı bir yardım göstərməyəcək. Ermənistan tərəfi bu cür təxribatlara son verməlidir. Həmçinin Ermənistan həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrində nəzərdə tutulan bütün imzaladığı öhdəliklərə əməl etməlidir və eyni zamanda Soçi görüşündə Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Bu baxımdan Ermənistanın bütün bu təxribatları, destruktiv mövqeyi və məqsədləri öz təsdiqini tapmayacaq. O, gec-tez bununla barışmalı olacaq. Moskvada keçirilən XİN müavinlərinin üçtərəfli görüşü də məhz Ermənistanın destruktiv mövqedə çıxışı etməsi səbəbilə müsbət nəticə verməyib. Ermənistan tərəfi yenə də sərhədlərdə hər hansı bir hərbi toqquşma yaratmağa çalışacaq. Eyni zamanda düşünürəm ki, əsas məqsədlərindən biri də bu və ya digər şəkildə Azərbaycanla Rusiya arasında kiçik də olsa hərbi toqquşma yaratmaqdır və bununla da Ermənistan Rusiyanı indiki mövqeyindən çəkindirmək istəyir. Çox güman ki, bu baş verməyəcək. Çünki Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi isə Ermənistan hansı təxribatları törətdirsə-törətsin yenə də öz təsdiqini tapacaq. Ermənistanın əsas məqsədi həm demarkasiya və delimitasiya məsələsini yubatmaq, həm də Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə