"Heydər Əliyev Azərbaycanı mərkəzləşdirilmiş dövlətə çevirməyi bacardı" - DEPUTAT DANIŞDI

"Böyük dövlət xadimi ulu öndərin vəfatının ildönümündə Azərbaycan xalqı böyük hörmətlə, rəğbətlə onu anır". Bunu SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O, qeyd edib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir. 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini elan etsə də, bu bir qədər formal xarakter daşıyırdı. Dövlətin bütün qurumları öz funksionallığını itirmişdi. Azərbaycan cəmiyyətində totalitar sovet rejimindən sonra ictimai həmrəyliyin təmin olunması, fərdlərin fəaliyyətinin dövlət maraqları ətrafında birləşdirilməsi kimi mürəkkəb vəzifələr dururdu. Məhz o dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini mərkəzləşdirilmiş dövlətə çevirməyi bacardı. Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycanda qeyri-qanuni hərbi birləşmələri ləğv etdi.

Hikmət Babaoğlu bu barədə fikirlərini belə izah edib: " Bununla da, bugünkü müzəffər ordumuza gələn yolun başlanğıcını qoydu. Mərkəzi komandanlığa tabe olan ordu quruculuğu prosesini həyata keçirdi. Əlbəttə ki, ictimai münasibətlərin tənzimlənməsi üçün hüququn olması çox vacib iş idi. Ancaq Azərbaycanda milli konstitusiya o zaman yox idi. 1995-ci ildə Ulu öndər Heydər Əliyev onun şah əsərlərindən biri olan konstitusiyanı yaratmaqla Azərbaycanın, əslində, ictimai münasibətlərinin və hüquqi dövlət kimi tanınınmasının əsasını qoymağı bacardı. Azərbaycanda insan hüquqları və azadlıqları ön plana çəkildi. Hakimiyyət bölgüsü prinsipi aparıldı. Demokratik cəmiyyətin inkişafı üçün lazımı şərtlər təmin olundu. Bundan sonra Azərbaycanın milli qanunvericiliyi geniş şəkildə tətbiq olunmağa başladı. Azərbaycanda qanunlar istehsal olundu və bütün ictimai, hüquqi münasibətlər qanun çərçivəsində formalaşdı. Buna biz hüquqi dövlət deyirik. Bu da ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu ən böyük dəyərlərdən biridir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə