"Bu görüş bir növ Soçidə əldə olunan razılaşmaların təsdiqi xarakteri daşıyacaq" - SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Bu görüş bir növ Soçidə əldə olunan razılaşmaların təsdiqi xarakteri daşıyacaq" - SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Soçi görüşü ideyası ortaya atılana qədər Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Brüssel görüşü cəmiyyət üçün kifayət qədər aktual məsələ idi. Bununla bağlı ən müxtəlif yanaşmalar və həssaslıqlar göstərilirdi. Amma Soçi görüşündən sonra bu görüşün əhəmiyyəti xeyli dərəcədə azaldı. Tərəflər prinsipcə öz fikirlərini Soçi görüşündə bəyan etdilər. Artıq Avropa Birliyinin vasitəçilik missiyasına əsalanan dövlət başçılarının bu görüşləri əvvəlki effektini saxlamır". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

O, qeyd edib ki, düşünürəm ki, Brüssel görüşü zamanı Soçi razılaşmasının hər hansı prinsipi arxa plana keçirilə bilməz. Bu görüş bir növ Soçidə əldə olunan razılaşmaların təsdiqi xarakteri daşıyacaq. Həmin müəddəaların həyata keçirilməsi üzərində hər iki dövlət rəhbərinin fikirləri bir daha cəmiyyətə çatdırılacaq. Eyni zamanda mən düşünmürəm ki, Brüssel görüşündə yeni ciddi razılaşmalar və niyyətlərin ortaya qoyulması mümkün olsun.

Mütəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Təbii ki, tərəflərarası görüşlər nə qədər çox keçirilərsə, bu problemin bundan sonra sülh yolu ilə həllini tənzimləyə bilər. Azərbaycan tərəfi bu görüşlərdə yenə də hücum mövqeyində dayanmalıdır. Çünki Azərbaycanın müəyyən bir əraziləri var ki, oraya rus sülhməramlıları nəzarət edir və orada ermənilər məskunlaşıb. Bu ərazilərin də zamanla Azərbaycanın yurisdiksiyasına keçirilməsinə və faktiki olaraq Azərbaycanın nəzarətinə verilməsinə çalışılmalıdır. Hesab edirəm ki, görüşün əsas məğzini ilklin olaraq bu təşkil etməlidir. İkinci hissədə isə Qazağın hələ də işğal altında qalan altı kəndinin geri qaytarılması məsələsi həllini tapmalıdır. Zəngəzur dəhlizinin açılmasının şərtləri prinsipcə ilkin olaraq Soçi görüşündə ortaya qoyulub. Baxmayaraq ki, Ermənistan tərəfi burada koridor açılmasından danışmır. Burada təkcə kommunikasiyanın Naxçıvana açılmasından söhbət gedir. Azərbaycan tərəfi də bundan istifadə edərək Laçın dəhlizinin bağlanması və Azərbaycan ərazilərində yaşayan ermənilərlə Ermənistanın kommunikasiya əlaqələrinin yaradılması məsələsini ortaya qoya bilər. yəni bizim hərəkətlərimiz təbii ki, ermənilərin hərəkətlərinə adekvat olmalıdır. Ermənistana daha çox güzəşt etməməliyik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə