Qalib lider sözünü ünvanlı və qətiyyətlə deyir TƏHLİL

Azərbaycan Prezidentindən Ermənistana növbəti xəbərdarlıq: “Bizim şərtlərimizi qəbul etməlidirlər”

Beynəlxalq güclər zaman–zaman Qarabağ münaqişəsinin həllini Ermənistanın xeyrinə həll etməyə çalışırdılar. Bu, təkzib edilməsi mümkün olmayan bir faktdır və bunun bədəlini beynəlxalq güclər deyil, son nəticədə Ermənistanın özü ödəməli oldu. Ermənilər anlamaq istəmədilər ki, gec-tez bu münaqişə aktiv fazaya keçəcək və böyük faciə ilə nəticələnəcək. Bu, əlbəttə, ilk növbədə, Ermənistandakı siyasət adamlarını düşündürməli idi ki, yaxın qonşunun torpaqlarını işğal etmək və bu əraziləri mənimsəmək planları yaxşı heç nə vəd etmir. Bütün 30 illik işğal dövründə Ermənistan anlamaq istəmədi ki, onun mühüm vəzifələrindən biri özünün başqalarının əlində olan müstəqilliyini geri alıb, işğalçılıq siyasətindən əl çəkmək və qonşularla dinc yanaşı yaşamaqdır. Bir də işğalçı Ermənistan onu da bilməlidir ki, yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir. Bəli həqiqət əbədidir. Bu gün Azərbaycan dövlətinin diplomatik "Dəmir yumruq" siyasəti nəticəsində nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 il həsrətdə saxlayan, "Böyük Ermənistan" xülyasına, «24 aprel» stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu Azarbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbəsidir, bu, Ali Baş Komandanın, Azərbaycan Prezidentinin “Dəmir yumruq” siyasətinin qələbəsi, xalq-iqtidar-ordu birliyinin həqiqətidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: “Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir, Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız”.

Bax, budur, həqiqət! Ancaq son hadisələr göstərir ki, hətta müharibədə rüsvayçı məğlubiyyətindən sonra belə bu ölkə yenə də müstəqil siyasi qərarlar qəbul etmək imkanlarından çox uzaqdır. Bu da ondan irəli gəlir ki, bu xalqın milli dövlətçilik tarixinin kökü olmadığı və məğlub olduğu üçün sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır. Və bu gün Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur. Çünki bu gün şərtləri qaliblər diktə edir. Belə olan halda ...

“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi”

Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib ki, Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi: "Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib».

Bəli, qələbəmizlə tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır. Və ermənilər istəsələr də, istəməsələr də üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur olacaqlar və Ermənistanın oyunları heç nə verməyəcək. Buna görə də Ermənistan sülh üçün bütün zəruri addımları atmalıdır. Ən əsası isə üzərlərinə düşən öhdəlik tezliklə Zəngəzur dəhlizini açmaqdır. Onlar istəsələr də, istəməsələr də buna məcbur olacaqlar. Odur ki, indi vəziyyəti gecikdirməyin zərbəsi də elə onların özünə dəyəcək.

Ermənistana son xəbərdarlıq: "Tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq..."

Dövlət başçısı Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı qəsəbə ictimaiyyəti ilə görüşündə çox mühüm siyasi əhəmiyyətə malik tezislər səsləndirib. Bu tezislərin çoxu ilk dəfə idi ki, səslənirdi. Ölkə Prezidenti dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinə çağırışlar etmişdi ki, işğalda saxlanılan ərazilərin boşaldılması ilə bağlı qrafik təqdim edərsə, Azərbaycan tərəfi hərbi əməliyyatları dayandıra bilər. Vurğulanmışdı ki, bu olmayacağı təqdirdə Azərbaycan öz haqlı mübarizəsini sona qədər davam etdirəcək. Məhz bunun nəticəsində Ermənistan döyüş meydanında ağır məğlubiyyətə imza atdı və kapitulyasiya aktına imza atmalı oldu. Ermənistan məhz kapitulyasiya sənədinə imza atdıqdan sonra Kəlbəcərin, Laçının və Ağdamın işğaldan azad edilməsi ilə bağlı üzərinə öhdəlik götürdü. Prezident İlham Əliyev də Qonaqkənddə olarkən Ermənistan hərbi-siyasi rəhbərliyi qarşısında yeni bir məsələni qoydu. Əslində bu yeni bir mövzu da deyil. Zəngəzur dəhlizinin açılması məsələsi 10 noyabr Bəyanatında da öz əksini tapıb. Sadəcə olaraq Ermənistan bu bəyanatın məlum bəndini icra etməkdən boyun qaçırır. Ona görə də bu proses uzanır. Ermənistanın baş naziri kommunikasiyaların açılmasından bəhs etsə də, digər yandan buna qarşı çıxır. Belə reallıq fonunda da ölkə başçısının məhz bu çağırışı ortaya çıxdı. Bu da onunla bağlıdır ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret müddəti Azərbaycana təqdim etməlidir.

Çünki bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir və o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret müddət göstərilməsə, bu vaxtı Azərbaycan müəyyən edəcək. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diqtə edibsə o icra edilib. Belə ki, II Qarabağ müharibəsindəki məğlubiyyəti dadmış Ermənistan rəhbərliyi indiki məqamda illuziyalarla yaşamamalı və Azərbaycanın irəli sürdüyü təklifləri icra etməlidir və Zəngəzur dəhlizinin açıllması ilə bağlı konkret addımlar atmalıdır. Və Ermənistanın baş naziri Nikol Paşinyan da artıq anlayır ki, həmin müddəalarda nəzərdə tutulan aspektlərdən kənar hərəkət etmək, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə bu ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, «Dəmir Yumruğun» növbəti zərbəsi ilə qarşılaşacaqlar.

Bir sözlə Paşinyan və Ermənistan yeni reallıqları qəbul etməli, həmin reallıqlarla barışmalıdır. Çünki Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq! Hər kəs həqiqəti bilməli və görməlidir. Dövlət başçısının dediyi kimi: "Kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, cavabını alacaq, necə ki, bu günə qədər alıb''.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə