Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verib

Azər SÜLEYMANOV,

YAP Nəsimi rayon təşkilatının sədri

Bu yaxınlarda Soçidə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə keçirdikləri görüş hələ də beynəlxalq aləmdə maraqla izlənilir. Bu görüşdə də ölkəmiz bölgədə söz sahibi olduğunu bir daha təsdiqlədi. Azərbaycan bir daha nümayiş etdirdi ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların bütünlüklə icra olunması işində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Ötən bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyev hər zaman sülh çağırışları edib, Ermənistanı sülh müqaviləsini imzalamağa çağırıb. İşğalçılıq siyasətinə adət etmiş, öz səadətini başqa dövlətlərin ərazisində axtaran Ermənistan tərəfi isə hələ də sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır.

Soçidə diqqət çəkən vacib məqamlardan biri Azərbaycan – Rusiya münasibətlərinin yüksək səviyyədə olması idi. İki ölkə prezidentlərinin səmimi görüşü, isti münasibətləri diqqətdən yayınmadı. Artıq beynəlxalq aləmə də məlumdur ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və əməkdaşlıq getdikcə genişlənir. Prezident İlham Əliyev tərəfindən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu prosesdə müsbət rolunun və töhfələrinin yüksək qiymətləndirilməsi bir daha sübut etdi ki, biz danışıqlara hər zaman açıq olmuşuq. Soçi görüşü həm də Rusiya – Azərbaycan əməkdaşlığının önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüşün müsbət tərəfi odur ki, Azərbaycan Prezidentinin mövqeyi Soçidə qəbul olunan bəyanatda hər hansı bir şərt qoyulmadan öz əksini tapdı. Yəni, Azərbaycan diktə edən tərəfdir və bölgədə söz sahibidir. Bu görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Görünür, Ermənistan tərəfi indi dərk etməyə başlayıb ki, kommunikasiyaların və yolların bərpası onların da xeyrinədir. Zəngəzur dəhlizinin açılması ətraf ölkələrin əməkdaşlığına təkan verəcək. Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsi birmənalı şəkildə ona dəlalət edir ki, Zəngəzur dəhlizi layihəsi bu ölkə tərəfindən də dəstəklənir.

Görüşdən konkret nəticəsi gözlənilən əsas məsələlərdən biri də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı idi. Vladimir Putin bildirdi ki, iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlindi. Dövlət başçımız da bir daha diqqətə çatdırdı ki, Azərbaycan dəfələrlə açıq şəkildə bildirib ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Azərbaycan hər zaman mənfi tendensiyalardan uzaq olaraq humanist mövqe sərgiləyib. Müharibə başa çatandan indiyədək 100 nəfərdən çox erməni hərbi qulluqçusu Ermənistan tərəfə verilib. Bununla da Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın qurulması işinə mühüm töhfə verib.

Soçi görüşü Azərbaycanın gücünü bir daha təsdiqlədi, Ermənistan üzərində qazandığımız tarixi Qələbə bölgədə yeni reallıqlar formalaşdırıb. Ermənistanın yeganə çıxış yolu bu reallıqla barışmaqdır. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə