Heydər Əliyevin yaratdığı siyasi sabitlik ölkənin gələcək inkişafı üçün baza idi - BAŞ REDAKTOR ŞƏRH ETDİ
“1993-cü ildə Ümummilli Lider Heydər Əliyev çox mürəkkəb bir tarixi şəraitdə cəmiyyətin mütləq əksəriyyətinin çağırışlarına uyğun olaraq Azərbaycanda hakimiyyətə qayıdıb. O zaman elə bir dövr idi ki, özünə, imkanlarına maksimum dərəcədə güvəni olmayan istənilən şəxsin hakimiyyətə qayıtması çox riskli bir addım kimi görünürdü. Aydın məsələdir ki, Heydər Əliyev də Azərbaycanda o zamankı vəziyyətin bütün detalları ilə nə qədər böhranlı olduğunu yaxşı bilirdi. Buna baxmayaraq həmin şəraitdə hakimiyyətə qayıtmaq missiyasını üzərinə götürmüşdüsə, deməli öz gücünə maksimal dərəcədə inanırdı və bilirdi ki, ölkəni düşdüyü çətin vəziyyətdən çıxara biləcək”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
.jpg)
Ekspertin sözlərinə görə, Azərbaycanın o zaman ən ciddi və ağır problemlərindən biri siyasi sabitliyin və dayanıqlılığın olmaması idi: “İstər hakimiyyət komandasının personal tərkibində, istər iqtisadiyyatda, istər makroiqtisadi sistemdə, istər maliyyə sahəsində, istərsə də sosial sferada hər hansı bir sabitlikdən və dinamiklikdən bəhs etmək qeyri-mümkün idi. Bütün sahələrdə yalnız tənəzzül əlamətləri var idi və ölkənin ağır hərbi təcavüz altında olduğunu da nəzərə alsaq, Azərbaycan ard-arda öz tarixi torpaqlarını itirməkdə idi. Bu şəraitdə hər kəs yaxşı başa düşürdü ki, ölkənin sosial, iqtisadi, mədəni, humanitar və dövlət quruculuğu sahəsindəki bütün mövcud problemlərinin həll olunmasının yeganə şərti məhz ölkədə sabitlik yaratmaqdan ibarət idi və Heydər Əliyev bu cür vəzifəni öz öhdəsinə götürdü. Ölkədə həmin dövrdə mövcud problemlərin həlli üçün açarı tapa bildi. Bu da ölkədə sabitliyi bərqərar etməkdən ibarət idi.
Təcrübəli dövlət xadimi və siyasətçi olaraq O yaxşı bilirdi ki, ölkədə sabitlik olmadıqda heç bir problemi aradan qaldırmaq, heç bir sahəni inkişaf etdirmək, ordu quruculuğu aparmaqla hərbi xarici müdaxilənin qarşısını almaq mümkünsüzdür. Məhz, buna görə Heydər Əliyev Azərbaycanda siyasi sabitliyin bərqərar edilməsi üzərində ciddi səylər göstərdi və ölkədə yerli-yersiz tüğyan edən hakimiyyət ambisiyalarının xeyli dərəcədə soyudulmasında böyük rol oynadı. Hər kəs xatırlayır ki, 1993-cü ilin ortalarında Azərbaycanda hansı siyasətçini danışdırsan bəziləri açıq şəkildə, bəziləri isə qapalı şəkildə prezidentlik iddiasında olduqlarını bildirirdilər. "Məndən yaxşı kim prezident ola bilər?" iddiası az qala ölkədə siyasi siferanı tamamilə bürümüşdü. Belə şəraitdə siyasi hakimiyyət ambisiyalarının bir qədər soyudulması lazım idi. Siyasətin ali eşelonlarında yüksək postlar tutulmasının ancaq və ancaq peşəkar siyasətçilərin işi olduğunu cəmiyyətin beynində və şüurunda yerləşdirmək lazım idi. Heydər Əliyevin qısa müddətdə ölkədə atdığı addımlar; dövlət çevrilişinin qarşısının alınması, qanunsuz silahlı dəstələri tərkisilah edilməsi cəmiyyətin bütün bunların öhdəsindən gəlmək üçün yüksək siyasi iradə və peşəkarlıq tələb etdiyini dərk etməsinə gətirib çıxardı”.
A.Quliyev vurğulayıb ki, cəmiyyət Azərbaycan heç də hər kəsin dövlətə uğurla rəhbərlik edə biləcəyi ölkə olmadığını anladı: “Aydın məsələdir ki, bizim cəmiyyətimiz qısa müddətdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasının məhz ilk növbədə siyasi istedadın, siyasi təfəkkürün və təcrübənin məhsulu olduğunu anladı. Ölkədə siyasi hakimiyyət ambisiyalarının xeyli soyudulması Heydər Əliyevin siyasi sabitlik yaratmasında ən vacib amillərdən biri idi. Qanunsuz silahlı dəstələrin ləğv edilməsi, ölkənin legitim silahlı strukturlarının formalaşdırılması istiqamətində zəruri addımlar atıldı. Nə qədər bəziləri üçün təəccüblü və gözlənilməz görünsə də o zaman ölkəmizdə hələ də mövcud olan müəyyən başıpozuq qanunsuz silahli dəstələrin ortadan çıxarılması Heydər Əliyevin atdığı düzgün addımlardan biri idi. Bəlkə də bu addımlar atılmasaydı Azərbaycan 1993-cü ildə daha çox rayonlar itirə bilərdik. Buna görə də ölkədə güclü mərkəzi hakimiyyətin yaradılması ölkədə siyasi sabitliyin bərqərar olmasına gətirib çıxardı. Əgər, 1993-cü ilə qədər ölkədə milli-etnik zəmində müəyyən separatçı meyillərin şahidi olurduqsa, biz artıq Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin mühüm istiqaməti milli, etnik, separatçı meyillərin qarşısının alındığını görürdük. Göstərilən bütün bu istiqamətlərdə görülən işlər ölkədə sabitliyin bərqərar olmasına gətirib çıxardı. Məhz həmin sabitlik sayəsində sonradan ordu quruculuğu həyata keçirildi, ölkənin neft strategiyası işləndi, ölkə neftinin xarici investisiya və kapital əsasında üzə çıxarılması, dünya bazarlarına ötürülməsi sahəsində ölkənin valyuta ehtiyyatları formalaşdı. Belə ki, bütün bunlar bir ölkə üçün gələcək inkişafa baza sayıla bilərdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB