Tofiq Yaqublunun döyulməsi: təxribatdan doğan təxribat! ANALİTİK
Bəs deputatlar necə düşünürlər?
Məlum olduğu kimi, helikopter qəzasında şəhid olmuş hərbçilərin dəfn mərasimi günü AXCP və “Milli Şura” təmsilçilərinin öz kirli siyasi maraqlarını güdərək icazəsiz aksiya keçirmək cəhdləri iflasa uğrayıb. Söz yox ki, bu günə qədər dəfələrlə bənzər təxribatlara əl atan radikal müxalifət ünsürləri daim uğursuzluqlara düçar olmaları ilə yanaşı, öz uğursuzluqlarını pərdələməkdən ötrü ən iyrənc ittihamlarla çıxışlar edir, uğursuzluqlarını başqalarında axtaramağa cəhdlər göstəriblər.
Daha bir fakt budur ki, Əli Kərimli və ətrafının kirli planları daim xarici dairələrdən təşkil edilir, bunu isə sübut edən çoxsaylı faktlar var. Lakin danılmaz fakt budur ki, AXCP və “Milli Şura”nın amalı heç də dövlətçilik maraqlarına xidmət etməkdən ibarət deyil, onların istəkləri sadəcə duru suyu bulandırmaq, həmin bulanmış sudan öz səmərələrinə istifadə etməkdir.
Bir sözlə, sabitliyin pozulmasını “əsas siyasətləri” kimi görənlər bu dəfə daha da həddini aşaraq şəhidlərin dəfn mərasimləri günü belə bir iyrənc addıma getdilər. Əslində isə burada təəccüblü də heç nə yoxdur. 44 günlük müharibədə xalq iqtidarlı-müxalifətli və birmənalı olaraq hakimiyyət ətrafında birləşəndə Əli Kərimli və ətrafı müxalifət partiyalarının birgə bəyanatlarına qoşulmadılar, həmin sənədə imza atmadılar. Eləcə də Şuşa Bəyannaməsini dəstəkləyən bəyanatda da AXCP-nin Müsavatın imzaları olmadı. Bu dəfə isə bütün azərbaycanlılar üçün müqəddəslik və ehtiram faktoru olan şəhidlərimizin dəfn günündə icazəsiz aksiya keçirmələri heç bir çərçivəyə sığıdırıla bilməz.
İlginc məqamlardan biri də budur ki, AXCP-“Milli Şura” cütlüyünün təxribatlarından daha bir təxribatın da doğulması növbəti sualları yaradır. Misal üçün, necə ola bilər ki, “Milli Şura”nın üzvü Tofiq Yaqublu ağır şəkildə döyülür və həmin məsələ dərhal atılır hakimiyyətin üzərinə? Çünki bildiyimiz kimi, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev də hadisə ilə bağlı rəsmi şəkildə bildirib ki, şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında qadın və azyaşlı yoxdur və eləcə də saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir. Tofiq Yaqubluya guya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.
Göründüyü kimi, iddialar əsassızdır və əgər belə bir fakt olsaydı, söz yox ki, DİN həmin faktı qeydə alar, bunu edənlərə isə qanunamüvafiq, hətta sərt cəzalar verilərdi. Milli Məclisin deputatları da istisna etmirlər ki, Tofiq Yaqublunun döyülməsi təxribatdır və düşünülmüş şəkildə sabitliyi pozmağa yönəlmiş addımdır.
Cavid Osmanov: “Tofiq Yaqublunun döyülməsini görənlər bundan, sanki alət kimi istifadə edə biləcəkləri üçün sevinirdilər”

"Helikopter qəzasında şəhid olmuş hərbçilərin ötən gün keçirilən vida mərasimindən sonra bir qrup şəxsin icazəsiz mitinq keçirməsi təxribat xarakteri daşıyır. Həmin mitinq zamanı Tofiq Yaqublunun döyülməsi ilə bağlı kadrlarla tanış oldum. Kadrlarda görünür ki, sanki onun ətrafında olanlar Tofiq Yaqublunun döyülməsini bayram əhval-ruhiyyəsi ilə qeyd edirdilər. Görünür, bunun kökündə təxribat dayanır. İstənilən halda, Azərbaycan hüquqi dövlətdir və məsələ ilə bağlı rəsmi açıqlama artıq verilib. Araşdırılma aparılacaq və bunu törədənlər, əlbəttə ki, cəzasını alacaq. Maraqlısı odur ki, Tofiq Yaqublunun döyülməsini görənlər bundan, sanki alət kimi istifadə edə biləcəkləri üçün sevinirdilər".
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov sözügedən məsələ ilə bağlı mətbuata fikirlərini açıqlayarkən deyib. Onun sözlərinə görə, həmin şəxslər müqəddəs hissləri belə unudublar: "Lakin şükürlər olsun ki, ötən gün də Azərbaycan xalqı dövləti ilə həmrəylik nümayiş etdirdi və milli birliyini ortaya qoydu”.
“Belə bir gündə belə radikal müxalifət onlar üçün müqəddəs heç nə qalmadığını sübut etdilər. Mitinq keçirmək cəhdi belə şəhid olan hərbçilərin ruhuna hörmətsizlikdir”, deyən deputat əlavə edib ki, onlar şəhidləri, onların valideynlərini incidərək ümumilikdə bütün Azərbaycan xalqının hisslərinə toxunmaq niyyətində idilər: “Nəticədə, onlar Azərbaycanda qarışıqlıq yaradaraq dövlətin əldə etdiyi diplomatik uğurlara kölgə salmaq istəyirdilər. Bu, düzgün mövqe deyil və onların anti-azərbaycan mövqeyindən xəbər verir".
Fazil Mustafa: “Şəhidlərin dəfn olunduğu gün icazəsiz mitinqə cəhd etmək nə qədər düşünülmüş təxribatdırsa, həmin tədbirdə qanun pozuntusuna yol vermiş Tofiq Yaqublunun döyülməsi də təxribatdır”

Müxalifətçi deputat, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da eyni fikirləri bölüşərək bildirib ki, həm icazəsiz aksiyanın keçirilməsi, həm də digər məsələ təxribatdır. “Şəhidlərin dəfn olunduğu gün icazəsiz mitinqə cəhd etmək nə qədər düşünülmüş təxribatdırsa, həmin tədbirdə qanun pozuntusuna yol vermiş Tofiq Yaqublunun döyülməsi də təxribatdır”, deyən Fazil Mustafa onu da bildirib ki, məsələnin günahkarları araşdırılmalı və hüquqi tədbirlər görülməlidir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB