Artıq bütün dünya Azərbaycan reallıqlarını qəbul edir - ŞƏRH EDİLDİ
“Artıq bütün dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü də 44 günlük müharibədən sonra müəyyən səbəblərdən iki ölkə arasında yaranmış soyuq münasibətlərə aydınlıq gətirdi: "Tərəflər bu məsələdən kənar qüvvələrin yararlanmaq istədiyini inkar etmədi. Məğlub Ermənistanın və onun havadarlarının Azərbaycan üçün ikinci cəbhəni açmaq iddialarının fiaskoya uğradığı, iki xalq arasında nifaq toxumu səpmənin səmərəsiz olduğu üzə çıxdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlərin belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa biləcəyini vurğulamaları Azərbaycan-İran münasibətlərinin bundan sonra daha yüksək səviyyədə və milli maraqlarımıza uyğun şəkildə qurulacağına ümidləri artırır. Görüşdə həmçinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu qeyd edildi. Görüş zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu və İranın da bu dəhlizdən faydalanacağı vurğulandı".
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, tarixi Qələbəmizdən sonra regionda yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycana qonşu olan ölkələrin birgə layihələrdə iştirakının vacibliyi diqqətə çatdırıldı: "Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edildi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparıldı. İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulandı və prezidentlərin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı. Bütün məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini prioritet hesab edən Azərbaycan cənub qonşumuzla da daim sülh, dostluq, qardaşlıq şəraitində yaşamaq istəyini ortaya qoydu: “Prezident İlham Əliyev görüşdən sonra verdiyi açıqlamasında da bildirdi ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. İran prezidenti Rəisi də Azərbaycan Prezidenti ilə həmfikir olduğunu qeyd etdi və bildirdi ki, bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir. İnanırıq ki, bundan sonra da iki ölkə arasında dost münasibətlər yalnız inkişaf edəcək, bölgədə daim barış, sülh olacaq, iqtisadi münasibətlərimizin sferası genişlənəcək”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB