Beynəlxalq aləm Ermənistana ciddi təsir göstərmir - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRİB

"Soçi görüşündə məlum olduğu kimi mina xəritələri ilə bağlı interaktiv fikir səsləndirilməyib. Ümumiyyətlə, sülh prosesi ilə bağlı fikirlər səsləndirilib. Bu baxımdan mina xəritələri ilə bağlı hər hansı fikirlərin söyləndiyini konkret olaraq demək çətindir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, qeyd edib ki, emənilər uzun illər ərzində işğal etdikləri əraziləri mina poliqonuna çevirib. Bunun səbəbi istehkam qurduqları ərazilərdə Azərbaycan əsgərinin qarşısının alınması və Azərbaycan əsgərlərinə zərbə vurmaqdır. Bununla yanaşı onu da nəzərə almaq lazımdır ki, Sovet dönəmində də Ermənistanda mina istehsal edən zavodlar olub. Ümumiyyətlə, minaların, raket texnologiyalarının, vaxtı keçmiş silahların utilizasiyası, yəni məhv edilməsi külli miqdarda vəsait tələb edir.

Sovetlər İttifaqı dağıldıqdan sonra piyada əleyhinə minaların utilizasiyası faktiki xarakter daşıdığından Ermənistana pulsuz verilib. Ermənistan da minaların utilizasiyası üçün Azərbaycan ərazisini seçib.

Bu barədə Elçin Mirzəbəyli fikirlərini belə izah edib: "Ümumiyyətlə, Ağdam və digər ərazilərdəki mina sayına nəzər yetirsək, bunların hara gəldi yerləşdirilməsi onu sübut edir ki, Ermənistan qadağan olunmuş silah-sursatı məqsədyönlü şəkildə Azərbaycan ərazilərinə yerləşdirib.

Təkcə, 2016-cı ildə Ermənistanın Rusiyadan rəsmi şəkildə aldığı minaların sayı 15 tondan çox olub. Uzun illər ermənilərin Azərbaycan ərazisində yaşadığını, əkin və otlaq sahələrində çalışdığını nəzərə alsaq, mina xəritələrinin Ermənistan tərəfində olduğunu düşünə bilərik. Ermənistan BMT-nin piyada əleyhinə minaların utilizasiyası konvensiyasına uyğun olaraq basdırılmış minaların zərərsizləşdirilməsini həyata keçirməlidir. Ancaq təəssüf ki, beynəlxalq aləm Ermənistana ciddi təsir göstərmir. Ona görə də, ənənəvi olaraq Ermənistanı buna məcbur etmək lazımdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...