Şarl Mişel Ermənistan və Azərbaycanı siyasi dialoqa çağırdı

Avropa Şurasının prezidenti Şarl Mişel Aİ-nin İrəvan və Bakı arasında problemlərin həllinə töhfə verməyə hazır olduğunu bildirib. SİA xəbər verir ki, Avropa Şurasının prezidenti Ermənistan və Azərbaycanı mövcud problemlərin uzunmüddətli həlli üçün siyasi dialoqa çağırıb. O, bu barədə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində təşkil olunan vətəndaş cəmiyyəti forumunda bildirib.

Mişelin sözlərinə görə, regionda davam edən münaqişələr fundamental problem olaraq qalır və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq əlavə səylər tələb edir. Bu kontekstdə o, Ermənistanla Azərbaycan arasında münasibətləri qeyd edib.

“Mən tam əminəm ki, yalnız siyasi dialoq dayanıqlı nizamlanmaya gətirib çıxara bilər. Bu, həmçinin Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətinin birləşməsini, körpülərin qurulmasını və barışıq səylərinə kömək etməyi tələb edəcək”, - deyə avropalı siyasətçi bildirib.

"Aİ öz növbəsində münaqişələrin qarşısının alınması və həllinə töhfə verməyə hazırdır. Bu, etimadın yaradılması və davamlı və hərtərəfli nizamlanmanın təşviqi, o cümlədən münaqişədən sonra yenidənqurma tədbirlərinə dəstək daxildir", Avropa Şurasının rəhbəri vurğulayıb.

Xatırladaq ki, dekabrın ortalarında Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqların keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə