Erməni diversantları sızıb yenidən ərazilərə mina yerləşdirə bilərlər - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"İndiki məqamda Ermənistan siyasi rəhbərliyinin hazırkı durumu olduqca acınacaqlıdır. Ölkədə çox ciddi siyasi, hərbi, o cümlədən iqtisadi xaos hökm sürür. Belə bir vəziyyətdə onlardan normal, insanlığa yaraşar bir hərəkət gözləmək çətindir. Dünyanın dinc vaxtında bunlar özlərini yaxşı apara bilməyiblər. Bunlar bədbəxt xalqdırlar. Bunların nə milli psixologiyası, nə milli atributları, nə milli mübarizə prinsipləri, nə də dövlətçilik ənənələri var. Bildirmək istəyirəm ki, bu dəqiqə onların vəziyyəti yalnız hərbi cəhətdən yox, elə bu xəritələr məsələsində də xaotikdir. Bu mənada olduqca fərqli fikirlər var və vahid düşüncə yoxdur. Ölkədə həqiqətən ciddi bir xaotik vəziyyət hökm sürür". Bunu SİA-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli deyib.

O, qeyd edib ki, ermənilər kliniki şok vəziyyətindədilər. Çünki Köçəryan-Sarksiyan hakimiyyəti bu xalqı şar kimi şişirtmişdi. Bu Ermənistan ordusunu, Ermənistan hökumətini birinci daxili auditoriyada o qədər yüksəltmişdilər ki, o qədər mifik bir qüvvə kimi təqdim etmişdilər ki, 44 günlük müharibədə bunlar nə qədər özləri haqqında yüksək düşünürdülərsə, bir o qədər alçaldılar. Bu kütləvi psixoz, kütləvi depressiya halıdır ki, bu gün erməni xalqının bu vəziyyətdə olmasına birbaşa məsuliyyət daşıyan şəxslər Köçəryanla, Sarksiyandır.

Bu mina məsələsinə gəlincə, məlum olduğu kimi 44 günlük müharibədə Azərbaycan Ordusu Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan ordusunun bütün infrastrukturunu sıradan çıxardı. Bu döyüş sürətli, həm düşünülmüş, həm də taktiki və strateji baxımdan mükəmməl bir döyüş oldu ki, ermənilər vəziyyətin bu yerdə olacağını yatsalar yuxularında görməzdilər. Ona görə də, indiki vəziyyətdə deyərdim ki, müəyyən ərazilərin xəritəsi heç onların özündə yoxdur. Ancaq ola bilməz ki, onlarda heç bir xəritə olmasın. Xəritələr olsa da 44 gündə onlar elə bir şok effektli məğlubiyyət yaşadılar ki, geri çəkiləndə inanmıram ki, mina basdırıb onun xəritəsini çəkələr. Bu mina məsələsi aktual məsələ olaraq qalır. Uzun müddətdə Azərbaycan üçün problem olaraq da qalacaq. Çünki məlum olduğu kimi mina elə bir silah növüdür ki, sən onu zərərsizləşdirməyincə o səni mütləq zərərsizləşdirəcək. 1914-1918-ci ildə birinci dünya müharibəsi baş verib, ancaq bu gün də Fransanın müəyyən əraziləri var ki, burada hələ də mina problemi yaşanır. Hətta Fransa hökuməti belə bir qərar qəbul etmişdi ki, həmin əraziyə qoyun sürüsü buraxaq. Bunu etdilər və xeyli qoyun bu zaman tələf olmuşdu. Heyvansevərlər buna etiraz etmişdilər, ancaq fransız hökuməti belə bir cavab vermişdi ki, adamların minaya düşüb ölməsindənsə, qoyunların minaya düşüb ölməsi daha yaxşıdır. Yəni onu demək istəyirəm ki, yüz il keçib ancaq mina problemi qalıb. Bu baxımdan demək istəyirəm ki, dövlətimiz bu sahədə çox böyük işlər görəcək və belə ərazilərin 80-90 faizini minadan tam təmizləyəcək. 100 faiz təmizləmə mümkün deyil.

Qeyd etmək lazımdır ki, ANAMA bu gün çox yaxşı işlər görür. Burada indi əsas məsələ ondan ibarətdir ki, səlahiyyətli şəxslərin, hüquq-mühafizə əməkdaşlarının təhlükəsizlik nişanlarına sivil insanlar əməl etməlidirlər. Ərazilərə icazəsiz daxil olmaq qəti qadağandır. Bu böyük insan itkisi və fəlakətlə nəticələnə bilər. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Hər bir insanın ölümü, şikəst qalması, yaralanması Azərbaycan dövləti üçün böyük itkidir. Dövlətimiz, eyni zamanda bu sahədə fəaliyyət göstərən səlahiyyətli şəxslər də, polis orqanları da dəfələrlə çağırış edib ki, bu ərazilərə getməyin. İnsanları da anlamaq olur. 30 ildən çox vətən həsrəti çəkmək çətindir. Amma bununla belə səbr etmək lazımdır. Mən inanıram ki, Azərbaycan dövləti mina təmizləmə texnikalarının ən mükəmməlini, ən müasirini alır. Burada məqsəd infrastrukturu minadan tamamilə təmizləmək və orada yeni həyat yaratmaq, Azərbaycan insanının orada yaşmasını təmin etməkdir. Ona görə də, insanların özü də səbr etməlidir.

Biz ermənilərdən xəritə gözləməməliyik. Ən yaxşısı yavaş-yavaş əraziləri təmizləməliyik. Bir də dağlıq coğrafi ərazilərimizdə, xüsusilə Kəlbəcər, Laçın istiqamətlərində müdafiə xəttini gücləndirməliyik ki, sızmalar olmasın. Çünki erməni millətçiləri, diversantları burada sızıb yenə həmin ərazilərə mina yerləşdirə bilərlər. Bu tamamilə realdır. Bunun birinci Qarabağ müharibəsində şahidi olmuşuq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...