Soçi görüşü Azərbaycanın güclü dövlət olduğunu və şərtləri diktə etdiyini sübut etdi ŞƏRH

Xarici siyasətinin əsas istiqamətlərindən biri kimi ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Qarşılıqlı səfərlər, görüşlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Elə bu günlərdə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü Azərbaycanın qələbəsi, Ermənistanın təxribatçı mövqeyinin iflasıdır. Dövlətimizin başçısı üçtərəfli görüş zamanı Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, konstruktivlik nümayiş etdirdiyini diqqətə çatdırıb: “Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması işində bu 1 il ərzində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, kommunikasiyaların açılmaması icra olunmamış əsas məsələlərdən biridir. Çünki ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün bəndləri demək olar ki, yerinə yetirilib. Düşünürəm ki, üçtərəfli görüşdə bu mövzu, həmçinin, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən olunması məsələsi müzakirə olunacaq. Biz Rusiyanın bu məsələdə dəstəyini, o cümlədən məsləhətçi qismində rolunu yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Ona görə də biz dəfələrlə açıq şəkildə bildirmişik ki, sərhədlərin təxirə salınmadan delimitasiyasına başlamağa hazırıq. Biz həmçinin, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistan tərəfinə sülh müqaviləsi üzərində işə başlamağı açıq şəkildə təklif etmişik”.

Soçi görüşü Ermənistanın postmüharibə dövründəki təxribatlarının iflasa uğradığının və məğlub ölkənin çıxılmaz duruma düşdüyünün etirafı kimi də qəbul oluna bilər. Ermənistan rəhbərliyi, nəhayət, başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz. Əksinə, bu kimi təxribatlar onsuz da uğursuzluq girdabında çabalayan Ermənistan üçün daha böyük faciələr gətirə bilər. Xüsusən, sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Beləliklə, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yox idi.Görüşün Rusiyanın vasitəçiliyi ilə baş tutması isə öz növbəsində 10 noyabr Bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sürəcə əlavə impuls verəcək.

Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılmasına doğru gedirik

Bir məqamı da vurğulamaq lazımdır ki, hər bir görüş müzakirə olunan məsələlər baxımından xüsusi əhəmiyyət kəsb edir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasından ötən bir il həm sənəddə əksini tapan müddəaların icrası, həm də Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas alması ilə diqqətçəkəndir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qısa vaxtda uğurlu bərpa-quruculuq işlərini həyata keçirməsi regionun iqtisadi potensialını üzə çıxarmaq üçün daha geniş miqyaslı layihələrin həyata keçirilməsinə təkan verəcək, Qarabağın dirçəldilməsi prosesi daha da sürətlənəcək. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, biz istər danışıqlarla, istərsə güc yolu ilə Zəngəzur dəhlizini açacağıq. Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Birmənalı olaraq demək lazımdır ki, Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və bu qələbənin müəllifi ölkə Prezidenti, qalib lider cənab İlham Əliyevdir. Çünki bütün şərtləri qaliblər diktə edir. Və Azərbaycan Prezidenti İlham Əliyev də bütün şərtləri diktə edən tərəfdir. Çünki Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diktə edən tərəfdir. Və Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Və bu gün artıq Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpasına nail oldu. 30 illik əsarət altında olan torpaqlarımızın azadlığına son qoyuldu. Soçi görüşündə ən əsas məqam isə, münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli bəyanatın icrasına, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli bəyanatı müzakirə edildi və qərara alındı ki, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün bəndlərinin bundan sonra da ardıcıl icra edilməsinə ciddi riayət olunsun. Bir sözlə, Soçidə imzalanmış bəyanat və ondan sonrakı mərhələrə gözlədiyimiz Brüssel görüşü, ümumilikdə iki ölkə arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, beləliklə də bölgənin gələcəyinə yönəlmiş əsaslı, eyni zamandan, inkişaf dinamikasını təmin etməkdən ibarət olacaq. Dövlət başçımız İlham Əliyevin dediyi kimi: «Üçtərəfli görüşün qərarları regionda təhlükəsizliyi artıracaq və bu nəticələri çox gözləmək lazım gəlməyəcək..."

Bəli, Paşinyan da artıq anlamalıdır ki, şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Zatən Ermənistanın başqa yolu da yoxdur. Paşinyan və Ermənistan yeni reallıqları qəbul eləməli, eyni zamanda, həmin reallıqlarla barışmalıdır. Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq!

MUXTAR NAĞIYEV,

YAP Səbil rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...