“Azərbaycanın tələblərinə uyğun fikirlər səsləndirildi” POLİTOLOQUN YANAŞMASI

“Soçi görüşü zamanı hesab edirəm ki, bir sıra istiqamətlərdə artıq neçə aylardır Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın səsləndirdiyi tələblərə uyğun fikirlər səsləndirildi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloqun sözlərinə görə, burada ən böyük müsbət nəticələrdən biri ondan ibarətdir ki, artıq yalnız Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Ermənistan-Azərbaycan sərhədlərində baş verən münaqişələrlə bağlı fikirlər, məsələlər öz əksini tapırdı.

“Sərhədlərin delimitasiyasını və demarkasiyasını nəzərdə tutacaq və bu prosesi həyata keçirəcək işgüzar kamissiyanın, ekspertlərdən ibarət kamissiyanın yaradılması ilə bağlı fikirlər də səsləndirildi ki, bu artıq uzun müddətdir Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı və həm də praktik işlərin görülməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü tələblərlə üst-üstə düşür. Digər bir müsbət cəhət ondan ibarətdir ki, Azərbaycanın qərb rayonlarını Naxçıvan bölgəmizlə birləşdirəcək Zəngəzur dəhlizinin, yəni nəqliyyat komunikasiya xəttinin açılması və bu istiqamətdə işlərin görülməsi məsələləri öz əksini tapdı. Eyni zamanda burada digər mühüm bir məqam Ermənistan baş nazirinin də açıq şəkildə bəyan etdiyi kimi, erməni xalqından mandat almış bir hökumət olaraq hazırki Ermənistan hökuməti Azərbaycan və Ermənistan arasındakı iqtisadi nəqliyyat-komunikasiya əlaqələrinin açılmasında maraqlı olduğunu və bu layihələrin həm də Ermənistanın maraqlarına xidmət etdiyini bəyan etməsi oldu. Digər bir müsbət cəhət həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarından irəli gələn vəzifələrin, öhdəliklərin yerinə yetirilməsinə sadiqlik və bu proseslərin yerinə yetirilməsindəki ardıcıllığa nəzarətin həyata keçirilməsi ilə bağlı fikirlərin səslənməsi oldu.

Hesab edirəm ki, burada digər mühüm bir məqam Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti və bu fəaliyyətin müsbət qiymətləndirilməsi ilə bağlı oldu. Eyni zamanda təbii ki, Rusiyanın Cənubi Qafqazdakı maraqlarının və sülhməramlı missiyasının, sülhyaratma missiyasının uğurlu olması ilə bağlı fikirlər səsləndirildi, bu daha çox Rusiya maraqlarına xidmət edirdi, amma burada həm də Azərbaycanın maraqlarına xidmət edəcək incə bir məqam ondan ibarət idi ki, artıq münaqişə ilə bağlı Azərbaycanın ərazisi, Qarabağ regionu, Qarabağ bölgəsi fikirləri səsləndirilmirdi, əksinə, münaqişə, atəşkəsin pozulma halları kimi məhz Ermənistan-Azərbaycan sərhədi və bu sərhədin sülhməramlı missiyanın məsuliyyət zonasına, məsuliyyət dairəsinə aid olmaması ilə bağlı fikirlərin səsləndirildiyi qeyd olundu. Mən hesab edirəm ki, ümumilikdə görüş çox müsbət idi. Qısa bir müddət ərzində delimitasiya, demarkasiya prosesini həyata keçirəcək mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması ilə bağlı bir həftə sonra baş nazirlərin müavinləri səviyyəsində görüşün keçiriləcəyi və həmin işçi qrupun elan olunması, eyni zamanda 26 noyabr görüşündə əldə olunmuş qərarların bəyan edilməsi ilə bağlı fikirlərin səslənməsi onu göstərir ki, bundan sonra həm liderlər, həm xüsusilə də baş nazirlərin müavinləri, ekspertlər səviyyəsində kamissiyalar daha fəal, daha aktiv fəaliyyət göstərəcəkdir və biz bundan sonra daha çox ərazidə, bölgələrdə, regionda əməli, praktiki işlərin şahidi ola biləcəyik”, deyə politoloq Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə