Forum Azərbaycanın özünü dünyaya təqdimi üçün unikal platformadır - DEPUTAT MÖVQE BİLDİRDİ

"Nizami Gəncəvi Beynəlxalq Forumu bir çox mənada olduqca əhəmiyyətli platformadır. Nəzərə almaq lazımdır ki, bu forumun keçirildiyi gündən onun işində fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları, digər sahələrdə tanınmış insanlar iştirak edirlər. Diqqət yetirsək görərik ki, Nizami Gəncəvi Beynəlxalq forumu çərçivəsində, ümumiyyətlə, dünyanı narahat edən qlobal məsələlər müzakirə olunur. Təbii ki, qlobal məsələlərin həlli istiqamətində fərqli, rəngarəng yanaşmalardan çıxış olunaraq ən effektiv həll yolları müəyyənləşdirilir". Bunu SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

O, qeyd edib ki, ayrıca olaraq Azərbaycan üçün bu platformanın çox böyük əhəmiyyəti var. Belə ki, diqqət yetirsək görərik ki, ilk Nizami Gəncəvi Beynəlxalq Forumundan başlayaraq hər zaman Azərbaycan özünün mövqelərini dünyaya çatdırma istiqamətində münaqişənin mövcudluğu dövründə haqlı, ədalətli mövqelərini və məsələnin həlli ilə bağlı düşüncələrini dünyanın diqqətinə çatdırıb.

Bu barədə Elşad Mirbəşiroğlu fikirlərini belə izah edib: "Təbii ki, bu platforma Azərbaycanın pozitiv imicinin daha da möhkəmləndirilməsində çox böyük təsiredici rol oynayıb. Bir sözlə qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Beynəlxalq Forumu Azərbaycanın özünü dünyaya təqdimi üçün unikal bir platformadır. Təbii ki, bu platformanın təşəbbüskarı və təşkilatçısı olmaqla Azərbaycan Respublikası həm də dünyanı narahat edən məsələlərin həlli istiqamətində dünya güclərinin, dünya zəkalarının imkanlarını səfərbər etmək şansını ortaya qoyur. Beləliklə, bu forum həm Azərbaycanın siyasi mövqelərinin güclənməsi istiqamətində, həm də beynəlxalq iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində ölkəmiz üçün çox böyük rol oynamaqdadır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə