"Kəlbəcərin işğaldan azad edilməsi xəbərini sevinc gözyaşları ilə qarşıladıq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın bir sıra rayonları, o cümlədən Kəlbəcər rayonu təqribən 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən işğal olunmuşdu. Kəlbəcər ərazi baxımından Azərbaycanın ən böyük rayonu hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

Onun sözlərinə görə, Kəlbəcər çox əhəmiyyətli rayondur: "Həm təbii ehtiyyatlar baxımından, həm strateji yerləşmə baxımından vətənimizin çox önəmli bir torpağıdır. Həmçinin bu torpaq bir çox ziyalı şəxslərimizin, görkəmli xadimlərimizin vətənidir. Təbii ki, Kəlbəcərin işğaldan azad olunması bütün Azərbaycan xalqı üçün böyük bir qürurdur. Ümumiyyətlə işğaldan azad edilmiş bütün torpaqlarımız bizim üçün önəmlidir. Hər bir torpağımızın işğaldan azad edilməsi xəbərini sevinc gözyaşları ilə qarşıladıq. 44 günlük müharibənin ardından Azərbaycanın möhtəşəm zəfərinin nəticəsində Kəlbəcər rayonu və digər torpaqlarımız işğaldan azad olunmuşdur. Bu da Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev və müzəffər ordumuzun əsgərlərinin gücü, dözümlülüyü hesabına həyata keçirildi. 25 noyabr 2020-ci il tarixində noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən erməni qoşunları Kəlbəcəri tərk etmiş və Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq nəzarəri ələ almışdır. Ermənilər öz xislətlərinə uyğun olaraq Kəlbəcəri tərk etdikləri zaman meşələrimizi yandırdılar, evləri oda verdilər bir sözlə torpağımıza ziyan verdilər. Amma bütün bunlara baxmayaraq şükürlər olsun ki, Kəlbəcər kimi çox önəmli vətən torpağı geri qaytarıldı. Bütünlükdə ilk dəfə idi ki, Azərbaycan dövləti düşmənlər üzərində açıq qələbə qazandı. Azərbaycan Respublikasının Prezidenti həmin işğaldan azad olunmuş ərazilərdə həmçinin Kəlbəcərdə yenidən qurma işlərinin aparlıması ilə bağlı müəyyən əmrlər vermişdir. Kəlbəcərin abadlaşdırılması üçün müəyyən tədbirlər həyata keçirilir. Hesab edirəm ki, Azərbaycanın bəzi işğal altında qalmış əraziləri də azad olunacaqdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə