Əlillərə qayğı dövlətin sosial müdafiə strategiyasının prioritetlərindəndir TƏHLİL
Prezident İlham Əliyevin son illər ölkədə aparılan genişmiqyaslı sosial islahatlar bu sahənin gücləndiriməsinə xidmət edir
Cəmiyyətdə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir. Bunlardan biri daim sosial və eləcə də mənəvi qayğıya ehtiyacı olan əlillərdir. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial vəzifələrdən biridir. Bu mənada respublikamızda əlillərin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan genişmiqyaslı sosial islahatlar əlilliyin qiymətləndirilməsini də əhatə edərək, əlillik təyinatlarının şəffaflaşdırılmasına, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsinə xidmət edir. Aparılan işlər nəticə etibarilə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara dəstəyin daha da gücləndirilməsi məqsədi daşıyır.
Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir.
2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib
“Bu ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur”. Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə həsr olunmuş mətbuat konfransında deyib.
Prezident İlham Əliyevin tapşırığı əsasında sosial sahədə genişmiqyaslı islahatların həyata keçirildiyini vurğulayan A.Bayramov bu islahatların əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə etdiyini deyib. O bildirib ki, əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən, həkim-ekspertlər tərəfindən tam obyektiv və şəffaf şəkildə qərarlar qəbul edilir.
Agentliyin sədri tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə də xüsusi qayğı və həssaslıqla yanaşıldığını deyib. Bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir. İlk növbədə Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır. Ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Əlillik təyinatından dərhal sonra onlara da proaktiv qaydada olmaqla e-sistem üzərindən onlara müvafiq sosial ödənişlər təyin edilib. Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütamadi olaraq artırılır. Xüsusilə də son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib. Eyni zamanda, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.
Müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər təqaüdlə yanaşı, əlilliyə görə aylıq müavinət və ya pensiya ilə də təmin edilirlər. Eləcə də bütün kateqorioyalardan olan I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aylıq təqaüd ödənilir.
Şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib və dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) 2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq bu il Nazirlik tərəfindən şəhid ailələri və müharibə əlilləri verilən mənzillərin sayı 2200-ə çatıb.
Şəhid ailələrinə və qazilərə əlavə dəstək - “YAŞAT” Fondu
Dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında imzaladığı Fərman da bu humanist addımlardan biridir. “YAŞAT” Fondu şəhid ailələrinə və qazilərə əlavə dəstək üçündür. Bu Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutaraq onların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görürlər. Prosesdə “YAŞAT” Fondunun və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri iştirak edirlər. Bu Fondun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Həyata keçirilmiş tədbirlər çərçivəsində hazırda hər bir şəhid ailəsi və qazinin həyat şəraitinin yaxşılaşdırılması üçün proses davam edir. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları qarşılanır.
ƏƏSMN 200 min şəxsin əlilliyinin ləğv edildiyinə dair məlumatlara münasibət bildirib
"Bəzi KİV və sosial şəbəkə səhifələrində heç bir rəsmi məlumata istinad edilmədən guya “200 min şəxsin əlilliyi ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər yer alır".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə əsassızdır: "Əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də şəxsin əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tibbi sənədlərini vaxtında toplamalıdır. Bəzən şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verir, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur. Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin hansı xəstəlik və xəsarət hallarında təyin edildiyi aydın şəkildə göstərilib. Əlilliyin qiymətləndirilməsi bu Əsasnamənin tələbləri əsasında aparılır. Anadangəlmə, xəstəlikdən, yaxud xəsarətdən yaranan əqli, fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması müşahidə olunduqda əlillik təyinatına dair qərar çıxarılır. Amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar. Əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib. “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb.
Bir sözlə, Azərbaycanda əlillərə olan dövlət qayğısı hər gün artır. Hökumət tərəfindən qəbul edilən qərarlar da bundan sonrakı dövr ərzində əlillərin sosial problemlərinin həlli istiqamətində yeni imkanlar açacaq. Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB