"Minsk qrupu bu gün özünü proseslərdən kənarda qoyur" - SİYASİ EKSPERT AÇIQLADI

"Minsk qrupu bu gün özünü proseslərdən kənarda qoyur" - SİYASİ EKSPERT AÇIQLADI

“Ümumiyyətlə, bu 30 ildə Dağlıq Qarabağ probleminin davam etdiyi bir müddətdə ATƏT-in Minsk qrupu hansı passivliyi və prinsipsizliyini nümayiş etdirmişdisə, eyni ilə həmin fəaliyyətini bu günlərdə Ermənistanın törətdiyi lokal sərhəd müharibəsi zamanı da göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, faktiki olaraq hər şey aydın olsa da, yəni Ermənistanın təcavüzkar tərəf olmasına, Azərbaycan ilə sərhəddə sabitliyi pozmağa açıq şəkildə cəhd göstərməsinə, hətta bəzi yerlərdə bizim ərazilərimizə müdaxilə etmiş olsa da, ATƏT-in Minsk qrupu bu məsələyə münasibətdə olduqca yolverilməz bir münasibət sərgiləyir: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatını isə ümumiyyətlə tarixdə rüsvayçı bəyanat kimi qiymətləndirilə bilər. Hansı ki, sadəcə olaraq narahatlıq hissi keçirdiklərini bildirdilər. Ən bağışlanmazı isə o oldu ki, Azərbaycanın və Ermənistanın məsuliyyətini və günahlarını bərabərləşdirməyə çalışdılar. Onlar elə hərəkət edirlər ki, sanki bu məsələdə Azərbaycan da günahkardır”.

Aydın Quliyev həmçinin qeyd edib ki, bütün dünya bilir ki, Azərbaycan müxtəlif kanallarla dövlət başçılarına, bütün beynəlxalq stansiyalara zamanında bildirdi ki, sərhədlərdə baş verən bu hadisələrin arxasında Ermənistan hakimiyyətindəki qeyri-müəyyənlik, vahid hakimiyyət komandasının formalaşmaması dayanır: “Buna görə də ATƏT-in Minsk qrupuna belə məsələlərdə arxayın olmaq düzgün deyil. ATƏT-in Minsk qrupu əslində bu gün özünü proseslərdən kənarda qoyur. Bütün bunlardan sonra Minsk qrupunun yenidən keçmiş Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları prosesinə başlamasına cəhd göstərmələri, yenidən özünün keçmiş missiyasını bərpa etmək cəhdi tamamilə yersizdir. Minsk qrupu proseslərdən tamamilə kənarda olduğunu və hadisələrə təsir göstərmək gücünü itirdiyini bir daha ortaya qoydu”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə