20 noyabr tarixi – Ağdamın azadlıq günüdür

20 noyabr tarixi – Ağdamın azadlıq günüdür

Həqiqətən bu tarix xalqımız üçün böyük gündür. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Bu gözəl anlar üçün Ali Baş Komandana və rəşadətli ordumuza təşəkkür edirəm.

Bildiyimiz kimi, Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.

Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Ötən il 44 günlük Vətən müharibəsindən sonra bir güllə atmadan, düşməni sülhə məcbur edərək Ağdam rayonunun işğaldan azad olunması möhtəşəm tarixi hadisədir. Prezident İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.

Bu gün Zəfər tariximizin 1-ci ilində qalib Azərbaycan, erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edir və edəcək. Eyni zamanda, Ağdam bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Artıq bu istiqamətdə işlər görülür. Prezident İlham Əliyev demişdir: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.

2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etmişdir.

Tam əminik ki, ölkə başçısının diqqətinin, dövlətimizin gücünün nəticəsində qısa zamanda Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf etdiyi rayonlarından birinə çevriləcək.

Gəray Zeynallı

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə