Qırğızıstan portalı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü ilə bağlı xəbərlər yayıb - FOTO

Qırğızıstan portalı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü ilə bağlı xəbərlər yayıb - FOTO

Qırğızıstanın “goldenbridgenews.com” portalı İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı AZƏRTAC-ın rus dilində xəbərlərini yayımlayıb. SİA xəbər verir ki, portal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışını tam olaraq yerləşdirib.

Portal Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi ilə bağlı AZƏRTAC-ın rus və ingilis dillərində materiallarını da çap edib.

Bildirilir ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Materialda bildirilir ki, qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə