"Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrlik edib" - EKSPERT RƏYİ
“Ötən dövr ərzində Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında rolu və mövqeyi yüksələn xətt üzrə inkişaf edib. 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişi imzalanıb və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradılıb. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün yeni zirvələr fəth edir. Qeyd edək ki, cənab Prezident İlham Əliyevin Naxçıvan sammitində proqram xarakterli nitqində önəmli tezislər səslənib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspert xüsusilə vurğulayıb ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: “Türkdilli dövlətləri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığının əsasını təşkil edir. Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrlik edib, sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərib. 2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən yeddinci Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürüb. Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. 2020-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilib. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir olub”.
Politoloq vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub: “Türk Şurası üçün əlamətdar hadisələrdən biri də təşkilatın coğrafiyasının genişlənməsidir. Bakıda keçirilmiş 7-ci Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv olub. İstanbulda keçiriləcək 8-ci Zirvə Görüşündə isə Türkmənistanı təşkilat yanında müşahidəçi statusu əldə edəcəkdir. Azərbaycanın sədrliyi dövründə Türk Şurasının institusional inkişafı ilə əlaqədar müzakirələr davam etdirilib. İstanbul Zirvə Görüşündə Türk Şurasının “Türk Dövlətləri Təşkilatı” adlandırılmasına dair qərar qəbul ediləcəkdir ki, bu da təşkilatın beynəlxalq nüfuzunun artırılmasına və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəyinin ardıcıl olaraq ifadə ediblər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb. Bu gün Azərbaycanın qazandığı qələbədən ilhamlanaraq bu yolu getmək istəyən dövlətlərin sayı artmaqdadır”.
İ.Hüseynov vurğulayıb ki, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq birmənalı dəstəklənib, 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən, Ermənistan tərəfindən Gəncə və Bərdə şəhərlərinin raket atəşinə tutulmasını qınayan bəyanatlar verilib: “Türk Şurası heyəti 2020-ci il oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalıb Gəncə şəhərini ziyarət edib. Eyni zamanda, 2021-ci ilin yanvar ayında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilib Ağdam və Füzuli rayonlarını ziyarət edib, düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə onilliklər ərzində törədilmiş vəhşi əməllərin nəticələri ilə əyani şəkildə tanış olublar. Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü irəli sürüb. Türk Şurasına üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali yaşayır və bu çox böyük bazardır. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında bağlılığa öz töhfəsini verməkdədir, lakin Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB