“Paşinyan situasiyanı gərginləşdirməyə çalışır” - POLTOLOQDAN MARAQLI AÇIQLAMA
Müharibənin başa çatmasının bir ili tamam olub və 10 noyabr, 11 yanvar razılaşmalarının yerinə yetirilməməsi üçün Ermənistan tərəfi xüsusi manevrlər edirlər, müxtəlif şəkildə təhriflər olunur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, ermənilər deyirlər ki, 10 noyabr və 11 yanvar razılaşmalarına sadiqdirlər, amma Nikol Paşinyan praktik şəkildə situasiyanı gərginləşdirməyə çalışır.
“Xüsusilə qeyd edim ki, noyabrın ilk ongünlüyündə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü gözlənilirdi, amma göründüyü kimi Ermənistan tərəfinin əlavə şərtləri, destruktiv mövqeyi belə bir görüşün baş tutmamasına gətirib çıxardı və elə 9 noyabr, 10 noyabr tarixlərində ermənilər Ermənistan dövlət sərhəddində, həmçinin Rusiya sülhməramlılarının məsuliyyət zonasında təxribatlara əl atdılar. Həmçinin Ermənistan Ordusunda müəyyən şəxslər Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasına qarşı çıxır və belə bir siyasət konkret olaraq Azərbaycanı nə isə güzəştə getməyə məcbur etmək istəyidir. Amma göründüyü kimi, Laçın istiqamətində ermənilərin insidentinin qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alındı və Ermənistan tərəfinin bütün provakasiyaları fiaskoya uğrayır.
Təbii ki, Ermənistan tərəfinin bu siyasəti ondan ibarətdir ki, onlar 10 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirməsinlər. Həmçinin, Nikol Paşinyan daxili siyasi müxalifətdən bir o qədər də çəkinir və çalışır ki, prosesi uzatsın. Amma mən hesab edirəm ki, Azərbaycan tərəfi artıq Ermənistana öz gücünü göstərib. Ermənistan tərəfinin artıq Azərbaycanla güc dilində danışmaq imkanı və hərhansı bir arqumenti yoxdur.
İlk növbədə Rusiya Ermənistana təsir etməlidir ki, 10 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirsin. Amma çox təəssüf ki, Rusiyadan Ermənistana belə bir təzyiqi görmürük. Ona görə də proses bu şəkildə davam edir. Amma baş verənlər Ermənistanın öz əleyhinə işləyir. Əgər belə davam edəcəksə, Nikol Paşinyan hakimiyyətdən devrilə bilər”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB