Kapitulyasiya aktına gedən yol - EKSPERT ŞƏRH ETDİ

Kapitulyasiya aktına gedən yol - EKSPERT ŞƏRH ETDİ

“Kapitulyasiya aktına gedən yol əslində çox keşməkeşli və çətin proses idi. 27 il ərzində dünyadakı müxtəlif dairələr, o cümlədən Ermənistan vaxtı uzadaraq status-kvonu qüvvədə saxlamağa çalışırdılar. Onlar düşünürdülər ki, azərbaycanlılar nə vaxtsa bunu unudacaq və bundan sonra müharibə edib torpaqları qaytara bilməyəcəklər”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, lakin Qarabağın və Şərqi Zəngəzurun qaytarılması ilə bağlı Azərbaycan dövlətinin apardığı daxili siyasət, xüsusilə gənclərlə iş, ideoloji fəaliyyət, eyni zamanda hərbi-siyasi və diplomatik hazırlıqlar nəticə etibarilə öz bəhrəsini verdi: “Kimlər ki, buna inanmırdı, həmin şəxslərin arzusu ürəyin qaldı. Onlar gördülər ki, mütləq şəkildə Azərbaycan dövləti bir-bir öz məqsədlərinə çatacaq. 44 günlük müharibə sözsüz ki, Azərbaycan üçün zəfər, Ermənistan üçünsə kədər və ondan vacibi rəzil bir proses idi”.

Z.Məmmədov vurğulayıb ki, biz bu gün Azərbaycan qarşısında diz çökmüş, rəzil bir Ermənistan görürük: “Lakin təbii ki, proses davam etməlidir. Biz gələcəkdə mütləq şəkildə bu prosesin davamlı olması üçün əlimizdən gələni etməliyik və Ermənistan 3 tərəfli bəyanatda verdiyi bütün vədləri bir-bir yerinə yetirməlidir. Ermənistanın bu vədləri yerinə yetirməkdən başqa yolu da yoxdur. Biz Azərbaycan xalqı olaraq ən son 200 il əvvəl qalibiyyətlər əldə etmişdik. Sözsüz ki, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə qazandığımız qələbəmiz bizimçün çox vacib idi. Bundan sonra heç kim Azərbaycanla fərqli dildə danışa bilməz. Mütləq şəkildə biz artıq hər kəsi öz maraqlarımızı nəzərə almağa vadar etmişik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə