"Təxribatlar Ermənistanın potensial müharibə ocağı olaraq qaldığını göstərir" - EKSPERT RƏYİ

"Təxribatlar Ermənistanın potensial müharibə ocağı olaraq qaldığını göstərir" - EKSPERT RƏYİ

“Zəfərin ildönümü şənlikləri ilə eyni vaxtda Ermənistanın yenidən təxribatlar törətməyə davam etməsi göstərir ki, bu ölkənin xarici siyasətinin və xüsusilə də regional qonşulara münasibətdə aqressiv siyasətinin mahiyyətcə hələ dəyişmədiyini bir daha ortaya qoyur. Ermənistan Zəfər Günü ilə əlaqədar keçirilən tədbirlərlə eyni vaxtda həm keçmiş Dağlıq Qarabağ ərazisində, həm Azərbaycanla sərhəd boyunda ən müxtəlif formalarda təxribat hadisələri törətməkdə davam edib”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, bütün bunlar Azərbaycan xalqının qələbə sevincindən ruhlanmasını görməyə Ermənistanın nə qədər dözümsüz olduğunu bir daha nümayiş etdirdi: “Onlar Azərbaycan xalqının nəinki Qarabağ zəfərini, hətta ümumi şəkildə inkişaf və yüksəliş, rifah prosesini görməkdən məmnun deyillər. Ona görə də bütün siyasətlərini Azərbaycan xalqının rifah və sülh içində yaşaması prosesinə mane olmağa yönəldirlər. Bu, Ermənistanın regionda potensial müharibə və gərginlik ocağı olaraq hələ də qaldığını göstərir. Təsəvvür edin ki, Azərbaycanın Zəfər Günü ilə əlaqədar adicə atəşfəşanlıq etməsi erməniləri bu qədər qıcıqlandırırsa, zaman-zaman Azərbaycan xalqının və dövlətinin işğaldan azad edilmiş ərazilərdə yaradacağı cah-cəlalın onları necə aqressivləşdirəcəyini indidən təsəvvür etmək çətin deyil. Yaxın illər ərzində Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında və Ermənistanla sərhəddə yaxın digər işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafın ən yüksək həddə gəlib çatması və hətta kənardan aydın şəkildə görünən parlaq yaşayış tərzi ermənilərin yuxusunu qaçıracaq və onları hər an Azərbaycana qarşı yeni təxribatlar törətməyə məcbur edəcək”.

A.Quliyev vurğulayıb ki, bütün bunlar təkcə Azərbaycana çağırış deyil: “Ermənilərin bu gün Zəfər Günü ilə eyni vaxta təsadüf edən təxribatları həm də dünya birliyinə və bölgədə möhkəm sülhün bərqərar olmasını istəyənlərə çağırışdır. Son yaşananlarla erməni xislətinin dəyişmədiyini, hələ də aqressiv bir siyasət daşıyıcısı olduqlarının fərqinə varmaq təkcə Azərbaycanın işi deyil. Bu, dünyanın işinə və probleminə çevrilməlidir. Zəfər Günündə Azərbaycanın keçirdiyi tədbirlər Ermənistan siyasətinin iç üzünü bir daha açıb ortaya qoydu. Yəqin ki, Azərbaycanın Zəfərlə bağlı tədbirləri bununla bitməyəcək. Beləki, ölkənin iqtisadi inkişafının daha da güclənməsini təmin edən siyasət bundan sonra da davam etdiriləcək ki, bu da öz növbəsində Ermənistanda yeni aqressiv və təxribatçı hərəkətlər doğuracaq. Azərbaycan dönməz və əbədi inkişaf prosesi içində olduğu müddətcə Azərbaycanın hüzurunu pozmağa cəhd edən təcavüzkar Ermənistan da olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə