"Bu, Azərbaycanın hərbi sahədə gücünü bir daha təsdiqləmiş oldu" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"10 noyabr 2020-ci ildə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanmışdı. Bu bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmış oldu. Onun ardınca da Azərbaycanın öz gücünə azad etdiyi ərazilərdən əlavə olaraq Ermənistan digər işğal altında olan torpaqlardan könüllü şəkildə çəkilmək öhdəliyi götürdü. Ermənistan özünün bütün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmaq öhdəliyini götürmüş oldu". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan tərəfi əlavə olaraq da Azərbaycanla kommunikasiyaların, yolların və sair açılması, ümumiyyətlə, normal münasibətlərin bərpa edilməsi üçün təməllər atmış oldu. Azərbaycan faktiki olaraq böyük üstünlüklə, öz qolunun gücü ilə yəni ordumuzun, əsgərlərimizin, müzəffər Ali Baş Komandanın müdrik idarəetməsinin nəticəsində qalib gəldi. Belə bir vəziyyətdə təbii olaraq, üçtərəfli bəyanatın imzalanması qaçınılmaz idi.

Azər Həsrət bu barədə fikrini belə izah edib: "Yəni, Ermənistan fakt qarşısında qaldı. Bu Azərbaycanın hərbi sahədə gücünü bir daha təsdiqləmiş oldu. Bunun əhəmiyyəti ilə bağlı gen-bol danışmaq olar. Çünki Azərbaycan faktiki olaraq 28 il əsarətdən sonra öz torpaqlarını işğaldan qurtardı. İkinci bir tərəfdən bu qurtarma, azad etmə əməliyyatı Azərbaycanın öz gücü hesabına baş tutdu. Yəni, bizim əsgərimiz öz qanı, canı ilə bu torpaqları azad etdi. Üçüncü bir tərəfdən dünyaya yeni dövrün savadlı, müasir müharibə aparmaq örnəyini təqdim etmiş oldu. Təsadüfi deyil ki, dünyanın bir sıra ölkələrində, xüsusilə, NATO-ya üzv ölklərdə Azərbaycanın müharibə təcrübəsinə çox böyük diqqət yarandı. Ümumilikdə, Azərbaycan bölgəmizdə mövqeyini möhkəmləndirmiş oldu. Bundan sonrakı mərhələ ondan ibarətdir ki, Ermənistan kapitulyasiya aktına uyğun olaraq davranışlarını tənzimləsin. Yəni, Azərbaycanın ərazi bütövlüyünü tanısın, Azərbaycan ilə sülh müqaviləsi imzalasın. Eyni zamanda Azərbaycan ilə hər hansı münaqişəli məsələyə yer buraxmasın. O cümlədən bu, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinə də aiddir. Azərbaycanın bu məsələdə mövqeyi açıqdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla və ya erməni xalqı ilə əbədi düşmənlik etmək fikrində deyilik. Buna görə də Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə