Armen Sarkisyanın varlığı və yoxluğu Ermənistana heç nə vermir ANALİTİK+ŞƏRH
Qarik Keryan: “O, dövlət başçısı funksiyalarının bir hissəsini öz üzərinə götürməyə cəhd edir, lakin baş nazirin dəstəyi olmadan onun xarici səfərlərinin effekti sıfıra bərabər nəticələr verəcək”
Ermənistanın prezidenti Armen Sarkisyanın son zamanlar xarici səfərlər etməsi və həmin səfərləri çərçivəsində ölkəsi tərəfindən digər ölkələrə əməkdaşlıq təklifləri irəli sürməsi erməni cəmiyyətində və ictimai rəyində birmənalı qarşılanmır. Misal üçün, Armen Sarkisyanın bu yaxınlarda Səudiyyə Ərəbistanına gedərək orada bir sıra rəsmi şəxslərlə görüşlər keçirməsi, habelə Qlazqoda – BMT çərçivəsində iqlim dəyişikliyi (COP26) ilə bağlı keçirilən 26-cı Konfransda ABŞ prezidenti Co Baydenlə və Fransa prezidenti Emmanuel Makronla görüşməsi, əsasən də, Ermənistanın siyasi-ictimai şəxsləri tərəfindən tənqidlərə məruz qalır. Onlar prezidentin siyasi nüfuzunun olmamasını və s. faktları əsas gətirməklə bu görüşlərin heç birinin Ermənistan üçün səmərə vermədiyini deyirlər. Eyni zamanda qeyd olunur ki, əgər Ermənistanın prezidenti hökumətlə sıx əlaqədə olmazsa, hakim gücün dəstəyini görməzsə, onun fəaliyyətinin heç bir əhəmiyyəti yoxdur.
“Prezident Armen Sarkisyanın xarici siyasət arenasındakı fəaliyyəti hakim gücün dəstəyini almalıdır, əks halda bu fəaliyyət sıfır dəyərləndirilməsində olacaq. Armen Sarkisyan dövlət başçısı funksiyalarının bir hissəsini öz üzərinə götürməyə cəhd edir, lakin baş nazirin dəstəyi olmadan onun xarici səfərlərinin effekti sıfıra bərabər nəticələr verəcək”. SİA xəbər verir ki, bunu “Sputnik Armeniya”ya İrəvan Dövlət Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdir müavini Qarik Keryan deyib.
Keryana görə, dəyişikliklər yalnız ambisiyalar üzərində baş verib ki, bu da hakimiyyətin öz gələcəyini təmin etməsi istəyindən irəli gəlir

Onun sözlərinə görə, Ermənistanın konstitusiyaları həmişə geosiyasi situasiyalara, ölkəyə və xalqa etina olunmadan qəbul edilib və buna görə də hər dəfə onun praktiki bəndlərinin realizəsində problemlər yaranıb: “Ölkədə idarəçilik forması prezidentlikdən yarıprezidentliyə dəyişərkən, sonra isə parlament idarəçiliyinə keçilərkən bir fakta diqqət yetirilməyib ki, ölkə çətin regionda yerləşir. Dövlət idarəçiliyi sistemi isə paralel olaraq çağırışlar çərçivəsində effektliklə realizə olunmalıdır”.
Qarik Keryan həmçinin bildirib ki, dəyişikliklər yalnız ambisiyalar üzərində baş verib ki, bu da hakimiyyətin öz gələcəyini təmin etməsi istəyindən irəli gəlir. Onun sözlərinə görə, keçmiş prezident Robert Koçaryan da zamanında prezidentlikdən sonra baş nazir olmaq və hakimiyyətini bu postda saxlamaq məqsədində idi. Serj Sarkisyan da parlament idarəçiliyinə keçməklə bu cür etməyə çalışırdı.
“Bu adam dövlət idarəçiliyində həm var, həm də yoxdur”
“Mövcud prezident institutu da konstitusiyaya görə dəqiq funksiyalara və vəzifələrı sahib deyil. Bu adam (Armen Sarkisyan) dövlət idarəçiliyində həm var, həm də yoxdur”, Keryan deyib və bildirib ki, hətta aktiv fəaliyyət göstərməsinə rəğmən, Armen Sarkisyan dövlət başçısı funksiyasını üzərinə götürməyə çalışır, amma onda alınmır: “Başqa tərəfdən, o hər hansı layihələr təklif edə bilər, şəxsi əlaqələrinə görə Ermənistanın maraqlarına investisiyalar cəlb edər, lakin onun təşəbbüsləri baş nazirin lazımi dəstəyi olmadan de-fakto uğursuzluğa məhkumdur. Sarkisyanın əlaqələrindən yaranan təsirlər yalnız onun baş nazirlə işbirliyi sayəsində mümkün ola bilər. Əgər prezident bunsuz fəaliyyət göstərirsə, baş nazirin razılığı olmadan hərəkətə keçirsə və aktivliyi hökumət tərəfindən istifadə edilmirsə, dövlət üçün heç bir effekt olmayacaq. Onların arasında belə bir əməkdaşlıq, işbirliyi görməmişəm”.
Bu, çox mümkündür ki, Armen Sarkisyana olan işarə idi – sənin burada heç bir hörmətin yoxdur və dediklərinin də əhəmiyyəti sıfırdır...
Onun sözlərinə görə, əvvəllər belə təəssürat yaranırdı ki, baş nazir və prezident eyni siyasi komandanı təqdim etməliydilər, lakin Sarkisyan Paşinyanın gəlişinə qədər seçilmişdi. Hazırda anormal situasiya yaranıb ki, bu situasiyada Sarkisyan idarəçilik sistemində qalmağa cəhd edir.
Sarkisyanın Səudiyyə Ərəbistanına səfəri barədə də danışan Qarik Keryan onun nəticələri barədə də ümidverici nəyinsə olduğunu düşünmür. Belə ki, Səudiyyə Ərəbistanın hər hansı böyük şirkəti Ermənistana investisiya qoya bilər. Lakin bu səfərin nəticələri görünmür.
Yeri gəlmişkən, xatırlada bilərik ki, Armen Sarkisyanın Qlazqodakı konfransda çıxışından əvvəl onun kürsüyə dəvət olunması zamanı yaşanan kazus da belə deməyə əsas verir ki, onun yalnız öz ölkəsində deyil, heç xarici ölkələrin siyasi-ictimai çevrələrində də hörməti yoxdur. Məsələn, o kürsüyə dəvət edilərkən Armen Sarkisyan kimi deyil, Armen Paşinyan kimi çağırılmışdı. Bu isə belə bir böyük tədbirdə heç də buraxılacaq səhv deyil. Bu, çox mümkündür ki, Armen Sarkisyana olan işarə idi: sənin burada heç bir hörmətin yoxdur və dediklərinin də əhəmiyyəti sıfırdır - xüsusilə, Azərbaycana qarşı məlum və sərsəm ittihamlar irəli sürməsi məsələsində...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB