"“Dəmir yumruq” xalqımızın güc və birlik rəmzinə çevrildi" - Məşhur Məmmədov

"Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddətdə gözləməklə yanaşı, o günün gələcəyinə tam əmin idi. Çünki müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl üzərində inamla irəliləyən Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirdi, dünya birliyinin fəal üzvünə çevrildi, ordusu dünyanın ən güclü orduları sırasında yer aldı, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. Bir sözlə, son 18 ilin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, bir ili isə bu ərazilərin tarixi sahibinə qovuşmasından sonra ölkəmizin həyatında yeni mərhələnin-bərpa və quruculuq işlərinin başlandığı il kimi xarakterizə olunur. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” birliyimizin və gücümüzün dünyaya təqdimatı oldu”. SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov qürur mənbəyimiz olan tarixi Zəfərimizə gedən yoldan geniş bəhs edərək deyib.

M.Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir: “Vandallar, barbarlar işğal dövründə bütün evləri söküb, talayıblar. Erməni vandallarının illərlə törətdikləri vəhşiliklər hər addımda nəzərə çarpır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. Əlbəttə, düşmən bütün dağıntıları məqsədli şəkildə edib. İşğalçı Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi mirasları viran qoymaqla, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güdüb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, eyni zamanda, erməni faşizmini məhv etdik. Buna görə şanlı Qələbəmiz bölgə, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Erməni faşizmi ən qəddar, təhlükəli, mənfur, çirkin ideologiyadır və bu ideologiyanı məhv etdik. İllər keçdikcə bu tarixi xidmətlərimiz dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək”.

Millət vəkili 30 illik işğal dövrünün mühüm məqamlarından biri kimi, dünyanın erməni vəhşiliklərini, təxribatlarını daim görməzdən və eşitməzdən gəlməsinə diqqəti yönəldərək vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək Ermənistanı diz çökdürdü, ədaləti bərpa etdi, işğala son qoydu: “44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın”.

“Müharibə dövründə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən səsləndirilən bəyanatlar emosionallığı ilə diqqət çəkirdi” söyləyən Məşhur Məmmədov qeyd edib ki, bu məqamlarda deyilən hər bir söz, fikir xalqın yaddaşına əbədi həkk olundu, dillər əzbərinə çevrildi: “Dövlət başçısı İlham Əliyevin Qələbəmizə böyük inamı ölkə vətəndaşlarını daha da qürurlandırır, o günün addımlığında olduğumuza inamı artırırdı. 44 gündə 30 ilin işğalına son qoymaq böyük qəhrəmanlıq, şücaət, ən əsası torpaq, Vətən sevgisinin göstəricisidir”.

“Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında, regionda və dünyada yeni dövr başlayıb. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bu tarixi Qələbəyə, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edir, qanları, canları hesabına tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirlər. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Yeni reallıqlar fonunda qalib Prezidentimizlə irəli! Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında geniş imkanlar açılır”, - deyə millət vəkili bildirib. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə