29 oktyabr Türkiyə Cümhuriyyəti Günüdür TƏHLİL

Prezident İlham Əliyev Türkiyə Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev 29 oktyabr Türkiyə Cümhuriyyəti Günü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar, layihələr qardaş ölkənizin hərtərəfli tərəqqisinə və yüksəlişinə xidmət edir. Şübhəsiz, xalqın Sizə olan böyük inam və etimadı həyata keçirdiyiniz strateji inkişaf xəttinin uğurunu təmin edən ən mühüm amildir.

Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir. Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq.

Əminəm ki, “Bir millət iki dövlət” şüarına uyğun olaraq birliyimizin, bütün sahələrdə səmərəli və fəal əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı

1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən geniş miqyaslı islahatların banisidir. 1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Azərbaycan – Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. Bu mənada Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümummilli Lider Heydər Əliyevin «Bir millət iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.

İftixarla qeyd etmək lazımdır ki, Qurtuluş savaşından sonra çox mürəkkəb və ziddiyyətli bir beynəlxalq vəziyyətdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən mühüm hadisələrindən idi. Keçən dövr ərzində Türkiyə Cümhuriyyəti hərtərəfli inkişaf edərək, çox böyük və şərəfli yüksəliş yolu keçmiş, ən inkişaf etmiş dövlətlərlə bir sırada layiqli yerini tutmuşdur.

Dünyanın siyasi xəritəsində mühüm mövqeyə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilmişdir. Təsadüfi deyildir ki, Türkiyə «Böyük-İyirmilik» ölkələri içərisində ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olmuşdur. Müstəqilliyin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləmiş, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaltmışdır. Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir.

Bu yerdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəzi dövlətlərin Azərbaycan-Türkiyə birliyinə, qardaşlığına qısqanclıqlı yanaşanlara verdiyi cavabı bir daha qed etmək yerinə düşər: “Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir: “Biz sizin yanınızda kimin yer aldığını bilirik, Ərdoğan var, Türkiyə var. Biz Türkiyəyə də lazım gələrsə, sanksiya tətbiq edərik”. Sən kiminlə oynadığının fərqində deyilsən. Sanksiya tətbiq etmək istəyirsənsə, et, gecikdirmə. “F-35” üçün addım atdıq, bizi təhdid etdiniz. “S-400”ləri Rusiyaya geri göndərin” dediniz. Biz qəbilə dövləti deyilik. Biz Türkiyəyik, Türkiyə! Dünyanı yaşanmaz hala gətirən qüvvələr oyunlarını pozduğumuza, gerçək üzlərini ortaya çıxardığımıza görə bizi hədəf taxtasına qoyublar. Qoysunlar, dayanmaq olmaz, yola davam!”. Ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir. Bəli, Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olmuşdur. Müstəqilliyin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləmiş, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaltmışdır. Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir.

Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. Bu mənada türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir», Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.

Elə bu günlərdə, oktyabrın 26-da Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağa ikinci səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olması bir daha qardaş ölkənin Azərbaycanın uğurlarını, sevincini paylaşmasınını reallığıdır. Zəngilanda keçirilmiş görüşlər zamanı bir daha dünyaya mesaj verildi ki, hər iki ölkənin liderləri öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə edib, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Qarabağa ilk səfərində müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı və bəyannamə Türkiyənin Naxçıvanın qarantı olduğu kimi, Qarabağın da qarantı - bölgədə Azərbaycanın təhlükəsizliyinin zamini olması idi. Şuşa Bəyannaməsinin regionda güc balansını dəyişməsinin ardınca Prezident İlham Əliyev 7 iyul Fərmanı ilə Qarabağ iqtisadi rayonunu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) yaratdı: bu, ermənilərin yaşadığı ərazilərin Azərbaycan suverenliyi tərkibində gələcəyini müəyyənləşdirən qərarı oldu. Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna ilk səfəri ilə bu ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin alternativi olmadığını və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirdi. Eyni zamanda, təkcə bölgədə sülhməramlı kontingentə sahib olan Rusiya üçün yox, həm də “status” məsələsini diriltmək istəyən bütün tərəflərə mesajını da etdi. Həmçinin, bildirildi ki, Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir.

Türkiyə liderinin təyyarə ilə Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığının göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər səfəri və Azərbaycanın kədəri, sevinci ilə bir olması bir daha sübut edildi ki, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır. Və bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu, belə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə