Zəngəzur Dəhlizinin açılması ilə bağlı konkret saziş imzalanacaq? – ANALİTİK

Sergey Markov: “ABŞ və Avropa İttifaqı münaqişənin davam etməsində maraqlı olduqları üçün vasitəçilik edə bilmədilər. Onlar Rusiya sərhədində istənilən münaqişəni bəyənirlər”

Rusiya və Ermənistan mediasında tezliklə Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə 2 yekun müqavilənin imzalanacağı haqda mötəbər mənbələrə istinadən məlumatlar yayılıb.

Qeyd olunur ki, 1-ci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına aiddir, ona əsasən, İrəvan və Bakı SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci illərdəki xəritələri əsasında bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş görüş nəticəsində demək olar ki, yekun razılığın əldə olunduğu 2-ci sənəd isə regionda kommunikasiyaların, xüsusən də, dəhliz yollarının yaradılmasının təfərrüatları, o cümlədən Azərbaycan və onun bir hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması haqda olacaq.

Rusiyanın nüfuzlu siyasi şərhçisi, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Moskva-Baku platformasına bununla bağlı fikirlərini bildirib. Ekspert deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında yeni sazişin imzalanması ssenarisi böyük ehtimaldır: “Eyni zamanda, fikrimcə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi mümkün deyil, çünki o, İrəvanın Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur. Nə Ermənistanda ictimai rəy, nə erməni diasporu, nə də ölkənin siyasi rəhbərliyi Nikol Paşinyanın simasında buna hazır deyil. Əks halda, Paşinyanın hakimiyyəti sadəcə olaraq devriləcək. Ancaq razılaşma ehtimalı var. Bu razılaşma, çox güman ki, əvvəlki iki bəyanatın pozulmamasını təmin etmək üçün hazırlanacaq. O, həmçinin nəqliyyat dəhlizlərinin yaradılması, sərhədlərin demarkasiyası və delimitasiyası, etimad mühitinin yaradılması, hər iki ölkəyə qarşı təbliğatın azaldılması, humanitar addımlar, iqtisadi qarşılıqlı fəaliyyətin bərpası istiqamətində irəliləyişlər baxımından mühüm olacaq.

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması ilə bağlı apardığı işin nəticəsi olaraq, fikrimcə, daha konkret saziş imzalanacaq, o cümlədən Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı. Bu nəqliyyat dəhlizlərinin dəqiq yeri müəyyənləşdiriləcək, onları təşkilati baxımdan kimin tikəcəyi, tikintinin təhlükəsizliyini kimin təmin edəcəyi məsələsi həll olunacaq”.

Politoloqun fikrincə, son həftələr İrəvanda səslənən bir-birini təkzib edən bəyanatlar ona görə verilir ki, görünür, Ermənistan növbəti addımları barədə hələ qərar verməyib: “Təbii ki, Ermənistan tərəfinin yekun qərarı hələ də Nikol Paşinyanın əlində olacaq, çünki o, yay seçkilərinin nəticələrinə görə öz hakimiyyətinin legitimliyini təsdiqləyib. Məncə, Paşinyan Azərbaycanla razılaşmaların həyata keçirilməsi yolu ilə irəliləmək istərdi, hətta etiraf etməyə hazır olardı ki, Qarabağ Azərbaycandır, amma Ermənistan hökumətinin başçısı ictimaiyyəti qəzəbləndirməkdən qorxur, yeni çıxışlardan qorxur, radikalların təxribatları da daxil olmaqla, onlar tərəfindən, sadəcə olaraq, öldürüləcəyindən qorxur.

Ermənistan müxalifəti noyabrın 9-10-da etiraz aksiyası elan edib. Amma biz görürük ki, bu gün Ermənistan müxalifəti kifayət qədər süstdür. O, ümid edir ki, Rusiya ilə Türkiyə arasında münasibətlər gələcəkdə pisləşəcək və Moskva, o cümlədən öz silahlı qüvvələri ilə problemi həll edəcək”.

Sergey Markovun fikrincə, potensial yeni sazişin imzalanması, əlbəttə ki, Rusiyanın nizamlanmada əsas vasitəçi statusunu təsdiqləyəcək, xüsusən də Vladimir Putin Valday Forumunda verdiyi bəyanatla, demək olar ki, amerikalıları, fransızları “təpiklədi” və sözün əsl mənasında, dedi: "Sürüşün buradan". Ancaq Rusiyanın vasitəçi statusunun indi nə dərəcədə təsdiqlənəcəyi yeni sazişdə nəyin təsbit olunacağından asılıdır- bu, ötənilki əsas tezislərin təkrarı olacaq, yoxsa yeni konkretliklər yaranacaq.

Əslində, 9-10 noyabr 2020-ci il tarixli sazişin nə qədər strateji perspektivli olduğuna heyran oldum. Bu razılaşma təkcə atəşkəslə bağlı deyil, əksəriyyət üçün çox böyük və gözlənilməz nailiyyətdir. İndi isə Rusiyanın vasitəçiliyi ilə yeni sazişin irəliyə doğru yeni addımlar atacağı və ya sadəcə olaraq 10 noyabr razılaşmasını kiçik əlavələrlə möhkəmləndirəcəyi çox vacibdir. İstənilən halda, nə olursa olsun, Rusiya yeni imza ilə əsas sülhməramlı, regional nizamlanmanın əsas vasitəçisi statusunu təsdiq edəcək”.

Ekspertin fikrincə, ABŞ və Aİ münaqişənin davam etməsində maraqlı olduqları üçün vasitəçilik edə bilmədilər: “Onlar Rusiya sərhədində istənilən münaqişəni bəyənirlər. Rusiya isə Ermənistanla Azərbaycan arasında seçim etməməkdə maraqlıdır. Moskvanı, təbii ki, siyasi nəhəng olsalar da, regionda baş verən hadisələrdən uzaq olan Avropa İttifaqından daha çox Azərbaycan və Ermənistan maraqlandırır.

Erməni lobbisinin Fransa və ABŞ-ın siyasətinə böyük təsiri var. Bu, Rusiya siyasətinə də təsir edir, lakin Vladimir Putin erməni lobbisini proseslərə güclü təsirdən təcrid edə bildi. Elə oldu ki, indi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi Ermənistanın mövqeyindən daha çox Rusiyaya yaxındır. Vladimir Putin Rusiyanın mövqeyini erməni lobbisinə verməyəcək. Amma məsələn, Makronun fikirlərinə istinad etsək, Fransada belə bir transferin faktiki olaraq baş verdiyi aydındır. Nizamlanma məsələsinin irəliləməsində Vladimir Putinin şəxsi fəaliyyəti də rol oynayır”.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə