"Biz bu faktı dünya ictimaiyyətinə car çəkməliyik" - SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Heç şübhəsiz ki, ən dəhşətli müharibələrin belə özünün qanunları var. Müharibələr bu qanunlar və beynəlxalq konvensiyalarla təsbit edilmiş qaydalara riayət edilməklə aparılmalıdır". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, 44 günlük müharibə zamanı, eləcə də bundan əvvəl də Qarabağın işğalı dövründə ermənilər Azərbaycan xalqına qarşı müharibə siyasətində heç bir limit gözləmədilər. Çox böyük işgəncələrə və beynəlxalq konvensiyalarla qadağan olunmuş hərəkətlərə yol verdilər. İndiki halda isə 44 günlük müharibə dövründə ermənilər qadağan olunmuş bir şəkildə mülki əhaliyə qarşı kütləvi qırğın silahlarından istifadə etməyə başladılar. Azərbaycanın bölgələrinə, rayon mərkəzlərinə, kəndlərinə kifayət qədər dağıdıcı olan raket qurğularından atəş açdılar. Məqsədyönlü şəkildə dinc əhalini, qadınları, uşaqları məhv etməyə çalışdılar.

Mütəllim Rəhimli bu barədə fikrini belə izah edib: "Bu, təbii ki, yolverilməzdir. Bu beynəlxalq hüquqda cinayət tərkibli əməl kimi qəbul olunur. Hesab edirəm ki, Azərbaycan tərəfi beynəlxalq məhkəməyə müraciətində işğal olunmuş ərazilərə dəymiş ziyanın konpensasiya edilməsi və Ermənistanın cəzalandırılması ilə bağlı iddiasında bu məsələni qaldıracaq. Bundan başqa müharibə vaxtı bu cür addımlar acizlikdən qaynaqlanır. Ermənilər artıq gördü ki, döyüş meydanında Azərbaycan ordusu ilə bacarmırlar. Ona görə də, dinc əhalidən qisas almağa çalışırdılar. Bu yolla Azərbaycan əsgərinin qarşısını almağı düşünürdülər. Amma təbii ki, başqa niyyətləri də var idi. Bu da ondan ibarət idi ki, Azərbaycan tərəfi də Ermənistandakı dinc əhaliyə qarşı belə davransın. Amma biz hümanist xalqıq. Müharibə qaydalarını da bilirik. Bizim ermənilərə qarşı hər hansı bir niyyətimiz yoxdur. Bizim sadəcə olaraq niyyətimiz ondan ibarət idi ki, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edək. Bu istiqamətdə də öz işimizi görürdük. Hesab edirəm ki, bu missiyamızı çox böyük uğurla həyata keçirə bildik. Ermənilər bir daha dünya ictimaiyyətinə hansı mənfur niyyətlərə malik olduqlarını göstərdilər. Biz bundan sonra da bu faktı dünya ictimaiyyətinə car çəkməliyik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə