“Azərbaycanla gərginlik İranın maraqlarına cavab vermir” - POLİTOLOQ ŞƏRH ETDİ

“İran Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirdi ki, buna ehtiyac yox idi. Biz dəfələrlə dedik ki, Qarabağa qanunsuz yük daşınmasın. Son ay yarımda münasibətlər xeyli gərginləşdi, Azərbaycan əleyhinə müəyyən açıqlamalar verildi, amma son vaxtlar hiss olunur ki, geri addım atırlar.” Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, yəqin anladılar ki, Azərbaycanla gərginlik İranın maraqlarına cavab vermir.

“Azərbaycanın özü də qonşu dövlətlərlə gərginlikdə maraqlı deyil, o cümlədən İranla. Biz İranla ortaq layihələr reallaşdırmaq istəyirik. Biz Araz çayı üzərində su elektrik stansiyasında, Şimal-Cənub nəqliyyat dəhlizində maraqlıyıq. Digər qonşularla da biz gərginlikdə maraqlı deyilik. Amma, kim ki, bizə qarşı iddia irəli sürsə, biz onun cavabını hər zaman verə bilərik və dövlət başçısı cənab İlham Əliyev də dəfələrlə bunun cavabını verib. Elə son açıqlamalarının birində də dedi ki, hətta qarşı tərəf nə qədər güclü olur-olsun biz öz müstəqilliyimizdən vaz keçən deyilik. Bizim kiminlə münasibət qurmağımız bizim daxili işimizdir.

İran son vaxtlar artıq geri addım atır. Çünki, İrana dəstək verən də olmadı, Azərbaycan dəstəkləndi. Düşünürəm ki, artıq İran da anlamalıdır ki, Azərbaycana yaxşı qonşuluq münasibətləri hamının xeyrinədir. Təsadüfi deyil ki, İran Nazirliyi artıq Qarabağa qanunsuz yüklərin daşınması ilə bağlı şirkətlərə xəbərdarlıq edib. Bunu da müsbət addım saymaq olar və indi münasibətlər əvvəlki axarına qayıtmalı, əməkdaşlıq edilməli və iki ölkə bir-birinin daxili işlərinə qarışmamalıdır. Əgər bu baş verərsə, məncə qonşuluq münasibətlərində normallaşma prosesi daha da arta bilər”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə