Vətən müharibəsinin iki şəhidinin ildönümü Ağdaş rayonunda qeyd olunub ANIM

Vətən müharibəsində şəhadətə yüksəlmiş Ağdaş rayonunun iki şəhidinin - Maxsudov Bəxtiyar Mansur oğlunun və Məmmədov Elvin Eldəniz oğlunun ildönümü qeyd olunub. Bununla əlaqədar şəhidlərin doğulub-böyüdüyü və ailələrinin yaşadığı Tofiqi kəndində və Ağdaş şəhərində mərasimlər keçirilmişdir.

Mərasimlərdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış, valideynlərinə başsağlığı verilmişdir.

Maxsudov Bəxtiyar Mansur oğlu 17 oktyabr 1997-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuşdur. Bəxtiyar Maxsudov Aprel döyüşlərinin də iştirakçısı olmuşdur. Vətən müharibəsi başlayanda təlim toplanışında olan Bəxtiyar Maxsudov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan döyüşlərdə iştirak etmiş, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 24-də doğulduğu Tofiqi kəndinin qəbiristanlığında dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Məmmədov Elvin Eldəniz oğlu 25 iyunt 2001-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Vətən müharibəsi başlananda həqiqi hərbi xidmətdə olan Elvin Məmmədov Azərbaycan Ordusunun əsgəri kimi Füzuli-Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmiş və şəhid olmuşdur. O, oktyabrın 24-də Ağdaş şəhərinin Padar qəbiristanlığında dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə