"Üçtərəfli görüşlər narazılıq doğuran məqamların aydınlaşdırılmasına kömək edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin Moskva görüşü təbii ki, münasibətlərin normallaşdırılması məqsədilə keçirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, münasibətlərin normallaşdırılmasından isə kommunikasiyaların açılması asılıdır: "Hal-hazırda Azərbaycan maraqlıdır ki, Ermənistanla kommunikasiya xətləri açılsın. Amma bunun üçün Azərbaycanın da irəli sürdüyü şərtlər var. Bu şərtlərə əməl edilməsi ilə bağlı son vaxtlar Ermənistan tərəfindən müəyyən pozitiv siqnallar daxil olub. Ermənistan ilk öncə Azərbaycanla Ermənistanın sərhədlərinin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya prosesinin başa çatması ilə razılaşmalıdır. İkincisi isə kommunikasiyaların açılması ilə bağlı şərt irəli sürülməsin. Azərbaycan əslində Ermənistana heç bir şərt irəli sürmür. Çünki 10 noyabr razılaşmasında Zəngəzur dəhlizinin açılması ilə bağlı bənd var. Yəni Naxçıvana Ermənistan ərazisindən yol verilməlidir. Azərbaycan bunu istəyir. Bu baxımdan düşünürəm ki, üçtərəfli görüşdə bu məsələlər müzakirə olunub. Bu cür üçtərəfli görüşlərin keçirilməsi də arada olan narazılıq doğuran məqamların müzakirəsinə, aydınlaşdırılmasına kömək edir. Bundan əlavə həmçinin kommunikasiyaların açılmasına töhfə verə bilər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...