"Prezidentin işğaldan azad edilmiş ərazilərimizə səfəri bu yerlərə yeni həyat gətirir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı olaraq səfərlər edir. Bu səfərlər hər bir rayonun, şəhərin azad olunduğu gün reallaşır ki, bu da öz növbəsində ölkə başçısının işğaldan azad olunmuş hər bir əraziyə xüsusi diqqət və qayğısının olmasının göstəricisidir. Cənab Prezidentin hər səfəri bu ərazilərimizə əlavə bir nəfəs verir, yeni həyat gətirir.

İşğaldan azad edilmiş ərazilərimizə Prezident cənab İlham Əliyevin bu səfərlərindən biri də Füzulinin işğaldan azad olunmasının bir ili tamam olan gün bu rayona səfər etməsi oldu.

17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərərək düşmənin canlı qüvvəsini, texnikasını məhv etdi. Bununla da Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

İşğal müddətində Ermənistan silahlı qüvvələri Füzuli rayonu ərazisində çox ciddi istehkamlar qurmuşdu. Bu keçilməz istehkamların olmasına və düşmənin müqavimət göstərməsinə baxmayaraq rəşadətli Azərbaycan Ordusu bu istehkamları darmadağın edərək düşmənin belini qırdı. Cəbrayıldan, Hadrutdan sonra işğaldan azad edilən üçüncü böyük yaşayış məntəqəsi Füzuli oldu. Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Bir neçə günlük şiddətli döyüşlərdən sonra Füzulinin azad edilməsi ilə Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə qazanılan qələbə Azərbaycan xalqının və Ordusunun qəhrəmanlığının, fədakarlığının göstəriciləridir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri də azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu.

Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalq-ordu-Ali Baş Komandan birliyinə, həmrəyliyinə diqqət çəkərək qeyd etmişdir ki, Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı.

Artıq müharibə tarixdə qalıb, münaqişə həll olunub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa və yenidənqurma işlərini həyata keçirir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir.

Füzuli say etibarilə ən çox minalarla çirkləndirilmiş rayondur. Bütün bu maneələrə baxmayaraq Füzulidə işlər sürətlə həyata keçirilir. Artıq Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd və ağıllı şəhər” konsepsiyası əsasında yaşayış mətəqələrinin yaradılmasına xüsusi önəm verilir. Məhz Füzuli rayonunun Dövlətyarlı kəndində də “Ağıllı kənd” konsepsiyası əsasında böyük yaşayış məntəqəsi salınacaqdır ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə yaşayış məntəqəsinin təməlini qoydu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi tapşırığına əsasən Füzuli rayonunda Zəfər və İşğal muzeyləri yaradılacaqdır. Bu müzeylərin yaradılmasında məqsəd isə erməni işğalı və Azərbaycan Ordusunun doğma torpaqlarımızı azad etməsi haqqında rayona səfər edəcək turistlərdə əyani təsəvvür yaratmaqdır.

Füzuli ən çox dağıntılara məruz qalmış rayondur və rayon ərazisində nə bir salamat kənd qalıb, nə də bir salamat bina var. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında bu haqda danışıarkən onu da vurğuladı ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib və erməni vəhşiliyini öz gözləri ilə görürlər.

Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı ölkə başçısı çox mühüm bir tarixi məsələyə diqqət çəkərək qeyd etdi ki, tarixi həqiqətlər təhrif olunmadan gələcək nəsillərə çatdırılmalıdır.

Bu yaxınlarda Milli Məclis cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında milli bayramlarımızla bağlı müvafiq düzəlişlər edərək Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü, yəni 28 may tarixini Müstəqillik Günü, 18 oktyabr tarixini isə Müstəqilliyinin Bərpası Günü olaraq təsdiq etdi. Edilən düzəlişlərlə mövcud olan uyğunsuzluğa son qoyulmuş oldu. Çünki müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və xalqımız 1991-ci il də öz müstəqilliyini bərpa edib.

Tarixi faktlar göstərir ki, Azərbaycan keçmiş müttəfiq respublikaların hamısından sonra öz müstəqilliyini elan edib. Bu isə həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin cəsarətsizliyindən irəli gəlirdi. Lakin tarixə diqqətlə nəzər yetirdikdə məlum olur ki, hələ 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri götürüldü və sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bu edilmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda o vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi. Tarixi olduğu kimi bilməli və düzgün qiymət verməliyik. Çünki gələcəkdə düzgün addımların atılması üçün gənc nəsil bu həqiqətləri necə var o qaydada bilməlidir. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...