İstiqlal tariximizə Prezidentin düzəlişi...... - Aydın Quliyev yazır.....

İstiqlal tariximizə Prezidentin düzəlişi...... cümhuriyyətçiliyi bolşevik çəkmələrinin altına atan tələskənlik .....suyun şırıltısına qulaq verən alimlər....Aydın Quliyev yazır.....

Müstəqilliyimizin yenidən bərpasından hələ heç yarım əsrin belə ötmədiyi vaxtda bu kiçik zaman kəsiyində istiqlaliyyət mübarizəmizin nə qədər gizlinlərinin, qeyri- dəqiqliklərin olduğuna heyrət etməyə bilmirsən. Ancaq zaman - zaman bir çox şeylər açılır, üzə düşür və aydınlaşır.

Çox təəssüflər olsun ki, istiqlaliyyət tatiximizin dəqiqləşdirilməsi indi ümummilli məsələ olsa da, bugünkü siyasi reallıqlardan və siyasi konyukturadan şəxsi mənada daha çox bəhrələr götürmək barədə düşünən tarixçi - politoloq alimlərimiz bu işdə o qədər də fəal görünmürlər. Bəzən hətta ümumiyyətlə görünmürlər. Əksinə, müsbət faktdır ki, ölkənin prezidenti İlham Əliyev bu kontekstdə daha böyük fəallıq, təşəbbüskarlıq və məhsuldarlıq nümayiş etdirir. Prezidentin bütün hallarda istiqlaliyyət dövrü tariximizin bir sıra maraqlı faktlarının dəqiq məzmununu açaraq elmi- ictimai biliklərimizi zənginləşdirməsi təqdirəlayiqdir. Lakin neqativ və xoşagəlməyən təzahür odur ki, Prezidentin açdığı tarixi həqiqətlər entuziazmını və təşəbbüskarlığını itirərək şəxsi maraqlarına əsir düşmüş bir sıra cızma-qaraçı monopolist tarixçilərin üzündən elmi təsdiqini taparaq dəyərlər halına gətirilə bilmir. Elə bu səbəbdən bir çox tarixi mətləblər əsasən siyasi mübahisə predmetinə çevrilməkdən uzağa gedə bilmir.

Məgər indiyə qədər Prezidentin "Şuşa və Laçın siyasi xəyanətin qurbanı oldu" formasında rəsmən bəyan etdiyi çox ciddi siyasi mətləb elmi cəhətdən lazımı qədər əsaslandırıldımı? Tarixçi alimlər, akademiklər və institut direktorları nəyi, kimi gözləyillər? Özlərinin bu mövzuda bir elmi - tarixi məqalə, monoqrafiya yazmadıqlarını hələ demirəm, heç olmasa magistrlərinə, doktorantlarına bu mövzuda bir elmi iş yazmağı tapşırdılarmı? Yox. Çünki bu mövzularda elmi tədqiqat işinin nə müəllifi, nə də rəhbəri olmaq istəyirlər. Alimin suyun şırıltısına qulaq verməsindən bağışlanmaz səhv yoxmuş....

Bəlkə Prezident 1918- ci ildə dövlətimizin bəzi simvollarını dəyişdirməyə vadar etmiş Bakıdakı xarici ölkə səfirliyi barədə faktları düz deməyib? BDU- nun 100 illik yibileyində açılmış bu sayaq faktları yəqin ki heç kim unutmayıb.

İki gün əvvəl Füzulidə İstiqlal tariximizin maraqlı səhifələrinə etdiyi ekskurs isə ümumən əvəzsizdir. Prezident dedi ki, 1991- ci ildə müstəqilliyimizin bəyan edilməsi məsələsi əvvəla gecikdirildi, ikinci, tarixi aktın adı dolğun şəkildə verilmədi, sadəcə Müstəqillik aktı adlandırıldı, halbuki" müstəqilliyin bərpası" daha dəqiq ifadə ola bilərdi.

Prezidentin sözlərində böyük həqiqət odur ki, proses həqiqətən gecikdi və bunun təbii ki, konkret məsuliyyətini daşıyanlar olmalıdı. SSRİ-ni quranlar onu daha əvvəl tərk etdikləri halda, 91- ci ilin martında bizimkilər hələ "ittifaq referendumundan" dəm vururdular. Hətta Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan belə bizi qabaqlayaraq müstəqilliyini bəyan etdi. Bunlar ötən əsrin 90- cı illərində baş vermiş hadisələrdi. 70 il qabağa qayldanda isə daha utancverici mətləblər görürük.

Belə ki, 1918- ci ildə müstəqilliyin bəyan edilməsində də Ermənistan və Gürcüstanla müqayisədə gecikmişdi. Hamı bilir ki, əvvəlcə onlar imperiyadan ayrılaraq müstəqilliklərini elan etdilər, biz bu addımı onlardan sonra atdıq...Cəmi iki il sonra Demokratik Cümhuriyyətçilik dəyərlərini qırmızı bolşevik çəkmələrinin altına atanda isə təəssüf ki, tələsdik, Ermənistanı da, Gürcüstanı da pis mənada qabaqladı. 1920 - ci ilin mayında bizdə, 1921- ci ilin fevralında Gürcüstanda, 21- ci ilin noyabrında Ermənistanda sovet hökuməti quruldu. Yəni onlarda demokratik cümhuriyyətçilik bizdən xeyli artıq yaşadı, daha doğrusu yaşatdılar..

Tarixi həqiqətlər barədə tam bilgilər milli siyasi şüurun çox mühüm formalaşma mənbəyidir.

Azərbaycan dövlətçiliyi gürcü və erməni dövlətçiliyi ilə müqayisəolunmaz qədimliyə malik olsa da, 1918-ci ildə gürcülərin və ermənilərin bizdən əvvəl öz müstəqilliyini elan etməsi səbəbsiz deyildi. Problem milli siyasi şüurun əsas mənbəyi olan sistemli tarixi bilgilərdə idi. Saxtakarlıq üstündə olsa da, ermənilər öz xalqlarını aldadıb bir araya gətirən milli tarixi bilgilər sistemi qura bilmişdilər.

Gürcülər də qismən onlar kimi. 1918-ci ildə bu cəhətdən biz nisbətən
pis vəziyyətdə idik. Çar Rusiyasının məqsədyönlü siyasəti milli tarixi bilgilər bir yana qalsın, hətta milli kimliyimizi az qala tam unutdurmuşdu. Çar Rusiyasında azərbaycanlıların kimliyi barədə hansı adların icad edildiyini yada salmaq kifayətdir. Müsəlman, tatar, türk, fars və sair. Bu şəraitdə isə milli siyasi şüurun normal formalaşmasından danışmaq mümkünsüzdür. Bu mənada Prezidentin istiqlal tariximizlə bağlı bütün elementləri dəqiqləşdirmək səylərini strateji əhəmiyyətli saymaq lazımdır..

91-ci ildə müstəqilliklə bağlı məsələmizin hamıdan gec ortaya çıxmasına dair Prezidentin sualına da eyni məntiqlə yanaşılmalıdır. Necə başa düşək ki, 91-ci il avqustun 30- da Süverenliyimizin bərpası haqqında bəyannamə qəbul edildiyi halda cəmi 18 gün sonra qəbul edilmiş Aktı "Müstəqilliyin bərpası" yox, sadəcə Müstəqillik Aktı adlandırdılar? İddia etmirik ki, burada milli düşmənçilik olub. Xeyr. Sadəcə milli yaddaşsızlıq öz sözünü dedi. Bərpa sözünün özü təklikdə yetərli rəy yaradır ki, 91-ci ilə qədər də bu xalqın müstəqil demokratik cümhuriyyəti olmuşdu. Görürsünüz, nə böyüklükdə siyasi varislik mətləbini öz zamanında görə bilməmişik.

Ancaq burada konkret bir detalı xüsusi həyəcanla deməmək olmur. 18 oktyabrın ciddi əsaslarla Müstəqilliyin bərpası günü adlandırılması onun müstəsna tarixi əhəmiyyətinə kölgə salmır və salmamalıdır. 18 oktyabrı dövlət bayramlarının sırasına salıb da qeyri - iş günü hesab edilməsinə heç bir məntiq duruş gətirmir.

Prezidentin iradəsi ilə haqlı olaraq Müstəqilliyin bərpası günü kimi simvollaşdırılan 18 oktyabrın həm də qeyri - iş günü sayılması mütləq olacaq...

Aydın Quliyev

"Bakı Xəbər" qəzetinin Baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə