Oğuzda Vətən müharibəsi şəhidi Səfa İsazadənin xatirəsi anılıb ANIM

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi İsazadə Səfa Əmirxan oğlunun ildönümü ilə əlaqədar Xaçmaz kənd Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Rayon təşkilatının nümayəndələri eyni zamanda, şəhidin ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə, Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

İsazadə Səfa Əmirxan oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yola düşüb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Suqovuşan döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Səfa İsazadə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...