"Ordumuz Füzulini işğaldan azad etməklə Ohanyan xəttini darmadağın etdi" - POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Füzulinin işğaldan azad edilməsi Azərbaycan ordusu üçün böyük əhəmiyyət daşıyırdı". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, ondan əvvəl Azərbaycan ordusu uğurla Cəbrayıl və Zəngilanı, eyni zamanda Xocavəndin Hadrut qəsəbəsini azad etmişdi. Növbə Füzulinin idi. Məlum olduğu kimi Ağdam kimi Füzuli də ermənilərin həddən artıq möhkəmləndirdiyi istehkamlarla dolu idi. Orada betonlaşmış ərazilər var idi. Bu şərəfsizlər Ağdam, Füzuli və ətraf rayonlarda olan bütün qəbir daşlarını çıxardıb,onları betonlayıb istehkamlar qurmuşdular. Azərbaycan ordusunun bilavasitə Füzulini işğaldan azad etməsi ermənilərin o günə qədər məşhur saydığı Ohanyan xəttini darmadağın etdi.

Cümşüd Nuriyev bu haqda fikirlərini belə izah edib: "Düzdür, Azərbaycan ordusu Ağdərə istiqamətini də bir neçə yerdən yarıb Suqovuşanı, Talışı azad etmişdi. Amma daha çox möhkəmləndirilmiş, beton istehkamlar qurulmuş Füzuli rayonunun bu və ya digər məsələlərlə bağlı azad olunması çox çəkdi. Təsəvvür edin ki, döyüşlərin 21-ci günü Füzuli işğaldan azad edildi. Bu çox böyük vaxtdır. Amma bu, Azərbaycan ordusu üçün həddən artıq kiçik vaxt oldu. Əslində, belə möhkəmləndirilmiş istehkamların alınması bir neçə ay çəkən prosesdir. Amma həm Müdafiə Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları qısa zaman kəsiyində çox böyük uğur əldə etdi. Füzulinin işğaldan azad olunması həm Ağdamın arxa cəbhəsini ələ keçirdi, həm Şuşaya gedən yolu təmin etdi, həm də işğaldan azad edilmiş Hadrutun hərbi mövqeyini daha da möhkəmləndirdi. Eyni zamanda Azərbaycan ordusuna yeni bir stimul verdi. Füzuli döyüşlə azad edilən ən böyük rayonlarımızdan biri idi".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...