"Düşmən ən möhkəm müdafiəni Füzuli və Ağdamda qurmuşdu" - POLİTOLOQ MARAQLI MƏQAMLARA TOXUNDU

"Füzulinin azad olunması böyük hadisə idi. Onu demək lazımdır ki, düşmən ən möhkəm müdafiəni Ağdam və Füzulidə qurmuşdu. Orada, demək olar ki, 8-9 müdafiə xətti, yüz minlərlə minalar, bir neçə mərtəbəli xüsusi betondan qurulmuş istehkamlar var idi". Bunu SİA-ya açıqlamasında deputat, politoloq Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, oranı yarıb Füzulini qaytarmaq bizim ordumuzdan böyük qəhrəmanlıq tələb edirdi.

Rasim Musabəyov bu barədə fikrini belə izah edib: "Xatırlatmaq istəyirəm ki, bizim qüvvələrimizin bir hissəsinin Cəbrayıla sonra Hadruta və bəzi qüvvələrimizin də cəmi bir hissəsinin Zəngilana irəlilədiyi bir vaxtda Füzuli ətrafında döyüşlər hələ də davam edirdi. Ancaq bu məsələ həllini tapdı. Bizim qəhraman ordumuzun əsgərləri bayrağımızı Füzuliyə sancdı. Mənə elə gəlir ki, indi vacib məsələ odur ki, baxmayaraq orada minadan təmizləmə işləri tam bitməyib, ancaq cənab Prezident orada Füzuli sakinləri ilə görüşüb. Orada bərpa işləri başlanıb. Yəni, söhbət yalnız Füzuli yaxınlığında inşa edilmiş və istifadəyə verilmiş aeroportdan getmir. Füzulinin özünün şəhər kimi planı da təsdiqlənib. Beləliklə də, bərpa işlərinə start verilib. Yəni orada lazımi infrastruktur, elektrik və su təchizatı ilə bağlı işlər həyata keçirilib. Mənə elə gəlir ki, Füzulinin işğaldan azad edilməsi böyük bir hadisə kimi həmişə yaddaşlarımızda qalacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə