Müasir müstəqilliyimizin yubileyi ərəfəsində yeni milli hədəflərə doğru

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

30 illik müasir müstəqilliyimizin hər günü bizim tərəqqimizə gedən yolda təməl daşı olmuşdur. Biz ali məqsədlər uğrunda mübarizəmizdən bir addım da olsun geriyə çəkilməmişik. Təəssüf hissi ilə qeyd etməliyəm ki, 90-cı illərin əvvələri Sovetlər Birliyinin dağılmasının labüd olduğu zamanlarda bəzi qüvvələr müdrik xalqımızın azadlıq duyğusundan, hürriyyət arzusundan süi-istifadə edərək başımıza bir çox bəlaların gətirilməsinə səbəb olmuşlar. Ulu Öndər Heydər Əliyevin Bakıdan Moskvaya dəvət olunması və 1987-ci ildə onun vəzifəsindən məqsədyönlü şəkildə uzaqlaşdırılması ilə xalqımızın sözün bütün mənalarında qara günləri başladı. Cəmi iki-üç ilin ərzində sosial-iqtisadi, ictimai-siyasi və hərbi problemlər dövlətimizi zəiflətmiş, torpaqlarımız işğal olunmuş, yüz minlərlə qaçqın və məcburi köçkün ölkənin müxtəlif ərazilərinə səpələnmişdir.

Möhkəm özüllər üzərində və könüllülük prinsipləri ilə qurulmayan Sovetlər Birliyinin dağılması nəticəsində Azərbaycan Ali Soveti böyük tərəddüdlərdən sonra Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Ulu Öndər Heydər Əliyev 1990-cı ilin əvvəlində 20 Yanvar hadisələrinə Moskvada öz kəskin etirazını bildirmiş, Bakıya gəlmiş, lakin burda onu istəməyən oyunbaz, hakimiyyət hərisli qüvvələrin əks münasibətini görərək Naxçıvana getməli olmuşdur. Bütün məhdudiyyətlərə ğrəğmən Ümummilli Lider Naxçıvanda olarkən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağını qaldırmış, Naxcıvan SSR Muxtar Respublikası adından “SSR” sözünü silmişdir. Bunu Sovetlər Birliyinin hələ də hakimiyyətdə olduğu ən sərt zamanlarda edən Ulu Öndərin bu addımı Bakıda hələ də şübhə ilə qarşılanırdı. Mərkəz müstəqillik haqqında qərarı bir ilə yaxın gecikdirdi. Lakin sonda ölkə ictimaiyyətinin böyük təsiri, ziyalıların müdaxiləsi və Ulu Öndər faktoru nəticəsində 18 oktyabr 1991-ci ildə Müstəqilliyimizin bərpa olunması ilə bağlı qərar qəbul olundu. Təəssüf ki, o qərarın özündə belə dəqiqlik yox idi. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edilmişdir. Bu qərarı 1991-ci ildə verənlər özləri Prezident fərmanı ilə onu təsdiq etməyə sanki cəsarətləri çatmamışdı.

Son günlər cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkə parlamentinə təqdim etdiyi və qəbul olunmuş qanun layihəsinə edilmiş dəyişikliklə bağlı dövlət başçısına dəstək xarakterli müzakirələr aparılmaqdadır. 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın ilk növbədə müstəqilliyini dünyaya bəyan edib. Bu müsəlman şərqində ilk demokratik Respublika idi. Amma eyni zamanda da Azərbaycan sözünün siyasi termin kimi istifadə olunduğu ilk müstəqil dövlətimizdir. Biz öz müstəqilliyimizi məhz 103 illik Cümhuriyyətçi babalarımızın mirasına sahib çıxaraq, onu tarixi torpaqlarının üzərində bərpa edərək dövlətçiliyimizi davam etdiririk. Belə olduğu təqdirdə Azərbaycan adında bir siyasi quruluşun 103 yaşı var ikən biz nə üçün cəmi 30 illik tarixə əsaslanmalıyıq. Hətta 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Bütün bu faktların əsasında biz dövlətçilik ənənələrimizin tarixini mühafizə və müdafiə edərək öz keçmişimizə sahib çıxmalıyıq. Bu qədər güclü arqumentlərlə razılaşmayanlar və 18 oktyabr tarixini müsqtəqillik günü kimi qəbul edənlər özləri də məsələnin mahiyyətinə varmadan 103 illik müstəqillik tariximizi otuz ilə endirərək xalqımızın şanlı keçmişini yox sayırlar. Bu məsələnin məhz cənab Prezident tərəfindən qaldırılması eyni zamanda da daxilimizdə olan bu mənfur ünsürlərə verilmiş ən gözəl cavabdır. Bilirsiniz ki, özlərinin dağıdıcı missiyaları sayəsində Ulu Öndər Heydər Əliyevə qədər hakimiyyəti paylaşan bu qüvvələr 18 oktyabrın bayram günü kimi qeyd olunmadığını iddia edirdilər. Qəbul olunmuş yeni qanunla artıq biz hər iki tarixi hadisəni bayram kimi qeyd edəcəyik.

Bildiyiniz kimi, respublika idarəetmə formasıdır. Dünyada elə tarixi dövlətçilik ənənələri, demokratiyanın, insan hüquqları və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu dövlətlər vardır ki, onların idarə olunması respublika deyildir. Belə olan məqamda bir neçə sual meydana çıxır. İndi həmin dövlətlərin müstəqillik günü olmamalıdırmı və yaxud yoxdurmu? Əlbəttə, var. Xüsusi qeyd etməliyəm ki, dünya xəritəsində olan dövlətlər öz müstəqillik tarixləri və onun qədimliyi ilə fəxr edirlər. Müstəqilliyimizin bərpa edilməsindən sonra, əsasən də son 27 il ərzində sözün bütün mənalarında azad dövlət yarada bilmişik. Öz qərarlarını verə bilən, milli və dövlət maraqlarını qoruyan, xarici siyasətini milli maraqlarının əsasında formalaşdıran dövlət yaratmaq mövcud olduğumuz regionda asan məsələ deyildir. Çox qısa zamanda həm dövləti, həm ordunu həm də cəmiyyəti formalaşdırmaq və Qarabağ kimi çətin və taleyüklü məsələni bir dəfəlik həll etmək tarixi missiyadır. Bu missiyanın əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdursa, onu ləyaqətlə məhz cənab Prezident İlham Əliyev tamamlaya bilmişdir. 30 illik müstəqilliyimizin ən böyük töhfələrindən biri də məhz milli şüurun və özünü dərkin formalaşdırılması olmuşdur. Əsrlər boyu qonşu imperiyaların təsirində unudulmuş milli-mənəvi dəyərlərimizin özümüzə qayıtmasını bacarmaq ancaq müdrik xalqlara mənsub bir əlamətdir.

Bu gün nəinki 30 il əvvəl qarşımıza qoyduğumuz hədəflərə çatdıq, hətta xəyal belə hesab etdiyimiz uğurlar əldə etdik. Müasir müstəqilliyimizin yübileyini qeyd etdiyimiz bugünlərdə milli maraqlarımızın fövqündə yeni ümummilli hədəflərimiz meydana çıxmışdır. İndi bizim Zəngəzur kimi böyük bir xəyalımızın reallaşması labüddür. İşğaldan azad olunmuş torpaqlara və tarixi Azərbaycan ərazilərinə əhalinin geriyə qaytarılması və onların ləyaqətli həyatlarının təminatı qarşımızda duran əsas məqsədimiz olmalıdır. 5-ci nəsil silahlarla müharibə aparan ordumuzu, gənclərin vətənpərvər ruhda təlim-tərbiyəsini, iqtisadi azadlığımızın siyasi azadlığımız və suverenliyimizin təminatı olduğunu nəzər alaraq iqtisadiyyatımızı daha da gücləndirməliyik. Bunlar hamısı dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi milli hədəflərdə öz əksini tapmışdır. Milli hədəflərimizin həyata keçirilməsi uğrunda heç bir digər əlamətlərə məhəl qoymadan, dilindən, dinindən, siyasi, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı birləşməlidir. Xalq olaraq dəmir yumruğun ətrafında birləşmək gələcəyə atılmış ən uğurlu addımdır.

Bu il müstəqilliyimizin bərpasının 30-cu ildönümüdür. Biz müdrik xalq kimi şanlı tarixə malik olmuşuq. Lakin heç vaxt builki kimi ölkəmizdə bayram bayrama qarışmamışdır. Vətən Müharibəsində əldə etdiyimiz mötəbər qələbədən sonra biz bütün xüsusi günləri ləyaqətlə və qalib xalq kimi qeyd edəcəyik. Cari il bir çox əlamətdar hadisə ilə yadda qalacaq. Biz həm şəhidlərin anım günlərini, həm bir çox rayon, şəhər, kəndin azadlıqlarının bir ilini, həm də şanlı qələbəmizin birinci ildönümünü qeyd edəcəyik. Bu il əlamətdar günlərdən birini daha təmtəraqlı keçirməyi planlaşdırırıq. Bu Dövlət Müstəqilliyinin Bərpası günüdür. Bildiyiniz kimi bu günə qədər 18 oktyabr tarixi Dövlət Müstəqilliyi günü, 28 may isə Respublika günü kimi qeyd edilirdi. Lakin indi xalq olaraq elə bir tarixi anlara şahidlik edirik ki, mütləq hər bir məqama xüsusi diqqət etməli, hər günün, hər anın qədrini bilməli və hər bir yaşadığmız hadisəni öz tarixi adı ilə adlandırmalıyıq. Müstəqilliyimizin Bərpası Gününü ilk dəfə əzəmətlə qeyd edəcəyik. Parlamentə cənab Prezident tərəfindən təqdim edilmiş qanun layihəsinə nəzər yetirərkən məqsədin tarixə ehtiram olduğunu görürük. 28 May - Respublika gününün Müstəqillik, 18 Oktaybr -Müstəqillik gününün isə Müstəqilliyin Bərpası günü kimi qeyd olunması tarixi zərurətdir. Bu günkü reallıqlar və əldə etdiyimiz rəşadətli zəfər bu bayramların adlarının da doğru yazılmasını tələb edir. Milli Məclis öz tarixi missiyasını tam mənada yerinə yetirərək, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün millət vəkilləri tərəfindən qanun qəbul edildi.

Bizim tərəfimizdən 44 günlük şanlı zəfər tariximiz haqqında çox danışılacaq, çox layihələr icra olunacaq, kitablar yazılacaqdır. Vətən Müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq. Müstəqilliyin bərpasının 30 illik yubileyini qeyd etdiyimiz bu günlərdə Dövlət başçısı Prezident cənab İlham Əliyev, rəşadətli ordumuz və canlarını vətənə qurban verən şəhidlərimiz tərəfindən xalqmıza bəxş edilmiş şanlı zəfər tariximiz bizim qürur mənbəyimizdir. Cənab Prezidentin də xüsusi vurğuladığı kimi Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da yaşayacaqdır. Heç kim bizi öz ata-baba yurdlarımızdan çıxara bilməz!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...