Siyasi partiya rəhbərlərinin və politoloqların ŞUŞA TƏƏSSÜRATLARI - SORĞU
Dünən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə 50-yə yaxın siyasi partiyanın sədrləri və nümayəndələri, eyni zamanda, ictimai aktivistlər, politoloqlar, deputatlar işğaldan azad olunmuş Şuşa şəhərinə ziyarət ediblər. Şuşa təəssüratları barədə bir sıra partiya rəhbərləri, nümayəndələri və politoloqlarla sorğu keçirdik. SİA həmin sorğunu təqdim edir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Şuşa Azərbaycanın gözüdür və orada çox böyük işlər görülür. 30 ildir ki, həsrətində olduğumuz torpağımıza qovuşduq. Cənab Prezidentə təşəkkür edirəm ki, bu qısa zaman kəsiyində Şuşada yetərincə böyük işlərə imza atılıb. Biz 30 il sonra öz torpağımızı vəhşilərdən qurtarıb quruculuq işlərinə başladıq. Erməni işğalçıları bu illər ərzində orada heç bir iş görməyib. Biz işğaldan azad olunmuş digər torpaqlarımızda da quruculuq işlərinə başlamaqla erməni terrorçularına göstərdik ki, Azərbaycan xalqı qurucu xalqdır. Bundan sonra da bütün ərazilərdə bu işlər davam edəcək”.
H.Hacıyev vurğulayıb ki, arzumuz budur ki, bu işlər Xankəndidə də başlasın: “Əminəm ki, tez bir zamanda bu da olacaq. Azərbaycanın 44 gündə qazandığı qələbə dünyada analoqu olmayan bir qələbədir. Bu səfərdə Azərbaycan xalqının, dövlətinin, siyasi partiyalarının birliyinin bir daha nümayişi oldu. Biz bu siyasi və milli birliyi qorumaq üçün bundan sonra əlimizdən nə gəlirsə etməliyik. Düşünürəm ki, biz yaxın zamanda Xankəndidə də quruculuq işlərinə başlamalıyıq. Orada bizim 25 min erməni vətəndaşımız var. Onlar da bizə məktublar yazırlar ki, bizi erməni terroristlərinin əlindən alın. Biz də bununla bağlı digər partiya sədrləri ilə məsləhətləşmələr apardıq. Yaxın vaxtlarda Xankəndinin mer məsələri həll olunduqdan sonra, orada da biz bu cür işlərə başlayacağıq və tez bir zamanda xalqımızın ora köçürülməsinə nail olmalıyıq. Çox qürurverici anlar yaşadıq”.

Ağ Partiya sədri Tural Abbaslı: “Şuşa, ümumiyyətlə, Qarabağ məsələləri hər bir azərbaycanlı üçün çox fərqli yerdə dayanır. Yəni, burada siyasi kimlikdən daha öndə vətəndaş, azərbaycanlı kimliyi əsasdır. Ürəyində vətən sevgisi olan, vətən həsrəti çəkən istənilən vətəndaş bu ərazilərə gedərkən çox qarışıq hissləri keçirir, emosiyalar tüğyanına düşür. Qürur, fəxarət, kədər hissləri bir-birinə qarışır. O torpaqlar uğrunda canını fəda edən şəhidlərimizin qəhrəmanlığını, onların ailələrini, qazilərimizi, veteranlarımızı düşünürsən. İllərdir terrorçuların, uşaq qatillərinin, insanlıqdan uzaq məxluqların bizim həsrətini çəkdiyimiz bu gözəl yerlərdə yaşadığını düşünəndə insan özünə qəzəblənir ki, biz niyə indiyə qədər buralara gəlməmişik, niyə bu torpaqları itirmişdik”.
T.Abbaslı qeyd edib ki, qarışıq hisslərə və müxtəlif fikirlərə baxmayaraq qürurverici anlar idi: “Heç kəs orada partiya kimliyi ilə deyil, sadə bir Azərbaycan vətəndaşı, həm də dünyaya birlik mesajı idi. Bu, o deməkdir ki, biz ümummilli məsələlərdə bir araya gəlib, bir mövqedən çıxış edə bilirik. Problemləri bir masa arxasında oturub müzakirə edərək həll etmək imkanımız var. Ümumiyyətlə, çox pozitiv səfər oldu. Qarabağ uğrunda savaşda da, postmüharibə dövründə də bu siyasi birliyin çox böyük önəmi vardı. Ümumən Şuşa səfəri möhtəşəm idi, gedib görməyənlərə qismət olsun. Hər kəs vətən torpağını görsün”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Siyasi təşkilatların, politoloqların və Prezident Administrasiya nümayəndələrinin Şuşaya səfərinin çox böyük əhəmiyyəti var. Burada əsas məqam ondan ibarətdir ki, biz siyasi partiyalar olaraq ölkəmizin ərazi bütövlüyü, işğaldan azad olunmuş torpaqlara baxış mövqeyi məsələlərində vahid mövqedən çıxış etdiyimizi bütün dünyaya nümayiş etdirdik. Bu məsələdə heç bir güzəştə getməyəcəyimizi, bir qarış da olsa torpaqlarımızdan geri çəkilməyəcəyimizi bütün dünyaya bəyan edirik. Bildiyiniz kimi, müharibə dövründə də Azərbaycanın siyasi qüvvələri, təqribən 50 siyasi təşkilat ölkəmizin ərazi bütövlüyü üçün vahid mövqedən çıxış etdi. Ordumuzun, dövlətimizin, xalqımızın, Ali Baş Komandanın yanında olduğunu açıq bəyan etdi. Ermənistanda isə, əksinə, siyasi qüvvələr arasında düşmən münasibətlər ən pik həddə çatmış, bir-birlərinə qarşı təhdid dilində danışır, bir-birlərini gözdən salırdılar. Bütün dünya da görürdü ki, bu dövlətin öz daxilində Qarabağ məsələsinə münasibətdə pərakəndəlik var”.
E.Musayev vurğulayıb ki, dünyada ikili standartların olmasına, Ermənistana havadarlarının dəstəyinə baxmayaraq Azərbaycanın ümummilli birliyi bütün mifləri darmadağın etdi: “Ona görə düşünürəm ki, siyasi qüvvələr əsla bundan kənarda qalmamalıdır. Nəhayət, illərdən sonra Azərbaycanda siyasi qüvvələr arasında normal münasibətlər başlayıb. Hakimiyyətlə siyasi təşkilatlar arasında dialoq mühiti yaranıb. Fikrimcə, illərlə qarşıdurma, söyüş-təhqir kampaniyası ölkəmizə heç nə verməyib. Biz müdrik olmalı və bir masa ətrafında oturub məsələləri müzakirə etməyi öyrənməliyik. Necə deyərlər, dalaşmaqdansa, danışmaq yaxşıdır. Millətimizin və dövlətimizin mənafeyi üçün dialoq mühiti çox əhəmiyyətlidir. Ona görə də Şuşa səfərini çox vacib hesab edirəm”.

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı: “Xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində yaradılan Tarixi Zəfər yolu ilə Şuşaya getmək ən gözəl qismət imiş. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevin iştrakı ilə həyata keçirilən Şuşa səfəri bizə olduqca qürurlu və şərəfli anlar yaşatdı. 30 ildir düşmən tapdağında qalan, həsrətində olduğumuz torpaqlarımızı bu gün azad görəndə bizə qalan sevinc göz yaşları, qəhərdən boğulan duyğularımız və bu duyğuları bölüşməkdir”.
O, söyləyib ki, Böyük Zəfər yolunu keçərək Şuşaya qovuşmaq və rahatlıqla Şuşanı ziyarət etmək, qarış-qarış gəzib, onu seyr etmək diləyimizi reallığa çevirən ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevə və rəhbərlik etdiyi Silahlı Qüvvələrimizə tarix boyu millətimiz var olduqca minnətdarıq: “44 günlük Vətən Savaşı dönəmində sosial şəbəkələrdə qarşılaşdığımız ilk Şuşaya giriş fotosu çəkilən yolu qalxanda o qürurlu hərbçilərimizin yaşadığı duyğuları gözəl anladım. Sıldırım qayaları, dumana qərq olmuş Şuşanı gördükcə Qəhrəmanlıq Səlnaməsi yazan igid qardaşlarımızla fəxr etdim”.
G.Ağamalı vurğulayıb ki, qansız, soysuz ermənilərin dünyada misli görülməmiş vəhşiliyinin, yırtıcılığını görəndə ruhumda qəribə titrəyiş oldu: “Tarixə nəzər salıb 2020-ci ildən bu günədək Şuşada aparılan təmir-bərpa işləri ilə yaxından tanış olduqca sevinc dolu hisslərə büründüm. Bu, mənim Şuşaya ilk səfərim idi. Tarixi günü bizə yaşadan, millətimizi azad, qüdrətli, bütöv Azərbaycana hədəfləyən və bu yolda yorulmadan, çalışaraq möhtəşəm addımlar atan müdrik, qətiyyətli, mübariz, mətin, yenilməz, cahangir, qəhrəman, XİLASKAR Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimizi Uca Tanrı daim pənahında saxlasın. Amin! Canlarını torpaqlarımızın azadlığı uğrunda fəda edən, ruhları and yerimizə çevrilən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, sağlamlıqlarını itirən qazi qardaşlarımıza cansağlığı diləyirəm”.

Politoloq Zaur Məmmədov: “Dünən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə 50-yə yaxın siyasi partiyanın sədrləri, eyni zamanda, ictimai aktivistlər, politoloqlar, deputatlar işğaldan azad olunmuş Şuşa şəhərinə ziyarət ediblər. Hər kəsə məlumdur ki, ölkə daxilində vahid ideologiyanın, milli birliyin və cəmiyyət daxilində həmrəyliyin olması olduqca vacib şərtlərdən biridir. 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda daxili sabitliyi pozmaq üçün bir çox xarici qüvvələr fəal iş görürdülər. Çünki bəlli məsələ idi ki, bizim qarşımızda təkcə Ermənistan və ya erməni diasporu deyil, eyni zamanda, Azərbaycanın güclənməsini istəməyən qüvvələr vardı. Biz bu 30 il ərzində həm də daxili sabitliyin əldə olunmasına, müxalifət-iqtidar birliyinə, nail ola bildik. 44 günlük müharibənin ilk günündə cənab Prezidentin çıxışından sonra siyasi partiyalar cənab Prezidentə öz dəstəklərini ifadə etdilər. Həqiqətən Azərbaycan cəmiyyətinin yekdil şəkildə Prezidentin ətrafında birləşməsi o zaman bir çox beynəlxalq dairələri narahat etdi. Post-müharibə dövründə də ölkəmiz bir sıra çağırışlarla qarşı-qarşıyadır”.
Politoloq qeyd edib ki, bir çox ölkələr Azərbaycanın 200 il ərzində regionda olan status-kvonu dəyişməsi ilə razılaşmaq istəmirlər: “Onlar son zamanlar Azərbaycanla Ermənistan arasındakı proseslərə müdaxilə edir, Qarabağdakı vəziyyətin nizama salınmaması, eyni zamanda, Zəngəzur dəhlizinin reallaşmaması üçün əllərindən gələni edirlər. Təəssüflər ki, bu qüvvələr içərisində təkcə qərb ölkələri deyil, eyni zamanda, bizim bəzi qonşu ölkələrimiz də iştirak edirlər. Bu il ərzində bir neçə dəfə Prezident Administrasiyanın siyasi partiyalar və qanunvericilik hakimiyyəti üzrə müvafiq şöbəsi siyasi partiyalarla bir neçə dəfə dialoq formatında görüşlər keçirib. Bu səfərdə də siyasi baxışlarından asılı olmayaraq əksər siyasi partiyaların liderləri və nümayəndələri Şuşaya səfər etməklə bir daha xarici qüvvələrə, eyni zamanda, daxildə sabitliyi pozmaq istəyən kəslərə göstərdilər ki, onlar bundan sonra da dövlətin yanında olacaqlar”.
Z.Məmmədov vurğulayıb ki, istər Şuşanın alınması, istər o istiqamətdə gedən döyüşlər xüsusi qəhrəmanlıq tələb edirdi: “Biz Şuşaya ziyarət edərkən də həmin şəhərin necə çətin mövqedə yerləşdiyini, oranın işğaldan azad olunmasının necə çətin olduğunu aydın gördük. Səfər çərçivəsində şəhərlə tanışlıq, Bülbülün evi, Şuşa qalası, Cıdır düzü və digər bir çox tarixi məkanlarda olarkən Azərbaycan tarixinin nə dərəcədə zəngin olduğunu bir daha müşahidə etdik. Hər kəs bilməlidir ki, bundan sonra da Azərbaycan öz məqsədlərinə çatacaq. Böyüklüyündən asılı olmayaraq bütün dövlətlər Azərbaycanla hansı dildə danışmaq lazım olduğunu bilməlidirlər. Azərbaycan mehriban qonşuluq münasibətlərinə üstünlük verəcək və Azərbaycan üçün əsas məqam bizim öz dövlət və milli maraqlarımızın reallaşması olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB