"Ərdoğanın səfəri strateji partnyor olduğumuzu da dünyaya göstərəcək" - DEPUTAT ŞƏRH ETDİ
“Hər bir dövlətin xarici siyasətində maraqları var. Azərbaycan və Türkiyənin də üst-üstə düşən maraqları həddən artıq çoxdur. Lakin iki ölkə arasında dostluq və qardaşlıq məfhumu daha çox üstünlük təşkil edir. İstər Şuşa bəyannaməsindən irəli gələn müddəaların icrası, istər BMT-də cənab Ərdoğanın çıxışı və Soçidə Putin-Ərdoğan görüşündə müzakirə olunan məsələlər bir daha göstərir ki, həqiqətən də Azərbaycan və Türkiyə münasibətləri təkcə ümumi maraqlar üzərində deyil, dostluq və qardaşlıq üzərində qurulub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, regionda baş verən hadisələr fonunda qlobal miqyasda da Türkiyə və Azərbaycan birgə müvafiq addımlar atır: “Bundan başqa 6-lıq platforma çərçivəsində regionda sülhün bərqərar olması üçün Türkiyə çox ciddi addımlar atır. İşğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi, infrastrukturun bərpası və digər istiqamətdə atılan addımlarda Türkiyə şirkətlərinin, eyni zamanda türk iş adamlarının payı həddən artıq çoxdur. Müharibə zamanı da Türkiyə siyasi və mənəvi dəstəyini Azərbaycandan əsirgəməyib”.
A.Nağıyev qeyd edib ki, cənab Ərdoğanın da iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu dünyaya nümayiş etdirməsi üçün işğaldan azad olunmuş ərazilərdə ciddi infrastrukturların açılışında iştirakı vacibdir: “Prezident Ərdoğanın köməkçisi İbrahim Kalının verdiyi məlumat da bir daha göstərir ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında cənab Ərdoğan iştirak edə bilər. Bu isə həm regional, həm də qlobal baxımdan çox önəmli addımdır. Bu səfər bizim münasibətlərimizin sadəcə dostluq-qardaşlıq çərçivəsində deyil, həm də strateji partnyor olduğumuzu dünyaya göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB