YAP Ağdaş rayon təşkilatı Anım tədbiri keçirib FOTOLAR

YAP Ağdaş rayon təşkilatı Ağdaş Dövlət Humanitar Kolleci ərazi ilk partiya təşkilatı tərəfindən kollecdə Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov və millət vəkili Məzahir Əfəndiyev iştirak edib. Kollecin həyətindəki şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısında keçirilən tədbirdə ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, ilk partiya təşkilatının sədri Namiq Mehdiyev Prezident İlham Əliyevin 27 sentyabr - Vətən müharibəsinin başlandığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmasına dair Sərəncamının şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu söyləyib. Bildirilib ki, bir il öncə qəhrəman Ordumuz düşmənin növbəti təxribatını dəf etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücuma keçdi. Bu hücum düşmənin diz çökməsi və 30 ildir ki, işğal altında saxlanılan torpaqlarımızın azad olunması ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov heç bir qələbənin asanlıqla əldə olunmadığını, torpaqlarımızın düşmən işğalından Vətən övladlarının qanları, canları bahasına azad edildiyini diqqətə çatdırıb. Millət vəkili Vətən müharibəsində 32 ağdaşlının şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Prezident, müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə, o cümlədən Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, onların sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığını, bu qayğının hər zaman davam edəcəyini bildirib.

Çıxış edən millət vəkili Məzahir Əfəndiyev və digərləri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərimizin heç vaxt unudulmayacağını, dövlətin, xalqın daim onların yanında olacağını vurğulayıb. Sonda tədbir iştirakçıları şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına tər gül dəstələri düzüblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə