Əbu-Dabidə Vətən müharibəsi qurbanlarının xatirəsi yad edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və Vətən müharibəsi qurbanlarının xatirəsi yad edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycanın BƏƏ-dəki səfirliyində Əbu-Dabidə yaşayan diaspor nümayəndələrimizin iştirakı ilə anım mərasimi keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə səfir Mahir Əliyev Vətən müharibəsi haqqında iştirakçılara məlumat verərək bildirib ki, 2020-ci il 27 sentyabr tarixi müasir Azərbaycan tarixinin yeni və şanlı səhifəsidir. Məhz bu gün müasir Azərbaycan tarixində 30 ilə yaxın davam edən işğala son qoyan, azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində vəhşiliklər törədən ermənilərə verilmiş tarixi dərsin başlandığı gündür. Bu gün Anım Günü olmaqla yanaşı, soydaşlarımızın xatirəsində yumruq kimi birləşdiyimiz gün olaraq qalmaqdadır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözlərinə istinad edən səfir bildirib ki, “44 gün ərzində Ermənistan ordusunun beli qırılıb, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad etdik və düşməni təslim olmağa məcbur etdik. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!”.

Daha sonra M.Əliyev Azərbaycanın Ermənistan üzərindəki qələbəsinin İslam və ərəb dünyası üçün də əhəmiyyətindən bəhs edib. Bildirilib ki, işğal edilmiş ərazilərimizdə məscidlərimizə, dini abidələrimizə erməni daşnakları tərəfindən böyük hörmətsizlik edilib. Məscidlərimizdə donuz saxlanılıb.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx və fotosərgi nümayiş olunub, şəhidlərimiz və Vətən müharibəsi qurbanları üçün anım guşəsi yaradılıb və şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

İştirakçılar səfirlikdə təşkil edilən xatirə kitabına şəhidlərimiz, Vətən müharibəsi qurbanları və qazilərimiz barədə ürək sözlərini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə