Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilk görüşü olub

ATƏT-in Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədrləri İqor Xovaev (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) yayımladıqları bəyanatda bildiriblər ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bu yana ilk görüşü keçirilib. SİA xəbər verir ki, bu barədə vasitəçilərin ATƏT-in saytında yaydığı bəyanatda qeyd olunur.

"Həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda, həm də hər iki nazirin iştirakı ilə birgə görüş keçiriblər. Həmsədrlər xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri ilk görüşünü alqışlayırlar”, deyə vasitəçilərin ATƏT-in saytında yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, vasitəçilər vəziyyətin gərginləşməməsi üçün konkret məqsədli tədbirlər və mümkün növbəti addımlar təklif ediblər. BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rosemari DiCarlo və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə bir araya gələrək, son hadisələr haqqında məlumat veriblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə