"Üç dövlətin məqsədi Cənubi Qafqazda stabilliyi yaratmaqdır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Üç Qardaş – 2021” təlimləri Azərbaycan, Türkiyə və Pakistan dostluğunun inkişafının demək olar ki, gözlənilən təlimləridir. Bilirsiniz ki, Azərbaycan, Türkiyə və Pakistan bir-biriləri ilə çox yaxın münasibətdədirlər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Tovuz hadisələrindən sonra Türkiyə ilə bərabər Pakistan da Azərbaycanın yanında olduğunu bütün dünyaya elan etdi: “44 günlük müharibədə məhz bu 3 dövlətin dostluq, qardaşlıq münasibətləri göstərməsi çox önəmlidir. Çünki Pakistan islam ölkələri içində nüvə silahına sahib, yarım milyonluq ordusu olan böyük bir dövlətdir. Belə bir iki dövlətin bizim yanımızda və arxamızda olması 44 günlük müharibədə ola biləcək risklərdən bizi qorudu. Hərbi və siyasi dəstək göstərmək üçün hazır olan, mənəvi dəstəyi göstərən Türkiyə və Pakistan Azərbaycanın bu haqq işindəki savaşını daha inamlı etdi. Artıq Türkiyə ilə Pakistanın Azərbaycanın yanında olması öz haqq işini həyata keçirtmək üçün çox vacib bir amil idi. “Üç Qardaş – 2021” təlimlərinin əhəmiyyəti həm təlim iştirakçıları üçün çox böyükdür, həm də dövlət üçün çox böyükdür.

Azərbaycan, Türkiyə və Pakistanın məqsədi Cənubi Qafqazda stabilliyi yaratmaqdır. Bu üç dövlətin birliyi ancaq sülhü, stabilliyi qorumaq üçün istiqamətləndirilmiş təlimlərdir. Təlimlərin məhz Laçın rayonunda keçirilməsi də çox önəmlidir. Gedən proseslər onu göstərir ki, hələ də revanşist ideyalara köklənən, müəyyən dövlət və qurumlar tərəfindən vəziyyəti gərgin şəkildə saxlamaq istəyənlər var. Bu beynəlxalq geosiyasi arenada güc nümayişidir. Türkiyənin və Pakistanın Azərbaycanın yanında olması gələcəkdə çoxlarının xoşagəlməz addımlarından çəkindirmək məcburiyyətində qalacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...