Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türk şəhidliyində anım mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyinin əməkdaşları qatılıb.

Səfir Cahit Bağcı abidənin qarşısına əklil qoyub.

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi zamanı şəhid olan türk hərbçilərinin ruhu yad edilib.

Səfir qeyd edib ki, bundan 103 il öncə türk ordusunun bolşeviklərin işğalı altında olan azərbaycanlı qardaşlarının yardımına gəlməsi tam bir qəhrəmanlıq dastanıdır. “Əziz şəhidlərimiz! Siz Azərbaycan xalqının müstəqilliyi uğrunda savaşaraq canınızdan keçdiniz. “Tək millət, iki dövlət” anlayışı ilə Azərbaycan və Türkiyənin sevinci və kədəri də birdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da hüzurla yatın. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”, - deyə səfir qeyd edib.

C.Bağcı bildirib ki, Osmanlı dövləti 103 il öncə Balkanlar, Suriya, İraq və Şərq cəbhələrində mövcudluq mübarizəsi aparırdı. Bu dönəmdə bolşeviklərin işğalı və zülmü altındakı qardaşlarımızın köməyinə gələrək Azərbaycanı müdafiə etməsi qəhrəmanlıq dastanıdır. Anadolunun və Qafqazın igidlərinin qanlarıyla sulanmış bu torpaqlar eyni zamanda qardaşlıq xəmirini də yoğurub.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib.

Səfir Cahid Bağcı “Əbədi Məşəl” kompleksi önünə əklil qoyub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə